16 Sentyabr 2024
Dünya futbolu

Soyuq şəhərdə “isti” nəticə

Heç şübhəsiz ki, “Qarabağ”ın Norveçdən əlverişli nəticə ilə vətənə dönəcəyinə inanırdıq. Məhz bu inamla da Moldeyə gedən heyətin arasında yer almışdıq. Qarşıda bizi AZAL-ın “Kəlbəcər” nişanlı təyyarəsi ilə 6 saatlıq uzun və yorucu uçuş gözləyirdi. Nəhayət ki, havanın +14 dərəcə olduğu bir gündə ayrıldığımız Bakıdan Skandinaviya yarımadasının qərbindəki ölkənin bu maraqlı şəhərinə çatdıq. Hava limanına eniş etdikdə -3 dərəcə olan şaxtalı hava şərati bizi salamladı.

***

Atlantik okeanının həndəvərində tikilən Molde hava limanında barmaqla sayılacaq sayda təyyarənin olması da diqqətdən yayınmadı. Norveçin kiçik şəhərlərindən biri olan, cəmi 30 min əhalənin cəmləşdiyi Moldedə yeni il ab-havası sezilirdi. Bunu nağıllar aləmindəki kimi tikilən evlərin eyvanlarından, hasarlarında asılan rəngli işıqlar gözəgəlimli edirdi. Hündürmərtəbəli binaların olmadığı, avtomobillərin siqnaldan demək olar ki, istifadə etmədiyi bir şəhər düşünün… Avropanın ən inkişaf etmiş dövlətləri sırasında dayanan Norveçin bu şəhərindəki qiymətlər, nəqliyyat və ümumən insanların yaşam tərzini sezməmək mümkünsüz idi. Yerləşdiyimiz “Scandic Alexandra Molde” oteli isə əhəmiyyətli tikililərin yaxınlığında yerləşirdi ki, onları ziyarət etmək üçün ictimai nəqliyyatdan istifadə etməyimizə ehtiyac qalmırdı. Ölkənin pul vahidi “kron”du və digər valyuta bu ölkədə, konkret olaraq Moldedə “keçmir” desək yanılmarıq. Nağd üsulla alış-veriş etdikdə mütləq şəkildə üstünüzdəki vəsaiti “kron”a çevirməlisiniz.

***

Oyun günü hava şəraiti bu ölkə şərtlərinə görə, bu ayda normal saya bilərik. Şəhərdə oyun gününə kimi “Molde” adına belə bir vacib oyunun olacağını sezmək olmurdu. Hər halda şəhərin bir çox mərkəzi qismində matçla bağlı afişalar gözə dəymədi. Lakin oyun günü şəhərin mərkəzi küçələri, iaşə obyektləri klubun bayrağları, atributları ilə bəzədildi. Və şəhərdə bir anda yaranan bu futbol ab-havası ilə geri sayım başladı.

Heç-heçəyə də razı olan “Qarabağ”dan fərqli “Molde” yoluna AL-də davam etmək üçün mütləq qələbə qazanmalı idi. Əks halda işləri şansa qalacağdı ki, sonda da belə oldu. Get-gəlli oyunda hesabı “Qarabağ” açdı, elə özü də qapadı. Süni meydança, hava şəraiti fonunda əldə olunan bu heç-heçəni qələbəyə bərabər hesab edə bilərik. Qurban Qurbanov komandasını bu vacib oyuna olmalı olduğundan da artıq yaxşı hazırlamışdı ki, nəticədə də bu əksini tapdı.

***

Azərbaycan futbolunu Avropada layiqincə təmsil edən “Qarabağ” minimum Konfrans Liqasının pley-offunu təmin etdi. Qaldı əsas məsələ – Avropa Liqasında növbəti tura adlamaq. Bu ölkə futbolu adına yeni tarix olacaq. Qurban Qurbanov və onun komandasının bunun öhdəsindən gələcəyinə şübhə etmirik. Çünki bunun üçün yetərli təcrübə, klub rəhbərliyinin dəstəyi var. Qurbanov Azərbaycan futbolunun xilaskarı yolunda inamla addımlayır. Bu yolda sizə uğurlar, Qurbanov! Futbolumuzun səviyyəsindən çox yüksək iş gördüyünüzün fərqindəyik. Xəyal belə edilməsi çətin olan möhtəşəm qələbələrə tarix özü qiymət verəcək. Və siz Azərbaycan futbolunun xilaskar obrazı ilə yanaşı, bu sahənin əsl peşəkarı olduğunuzu sübut etmisiniz. Bundan sonra da tarixi nəticələr, möhtəşəm uğurlar qazanacağınıza heç kimin şübhəsi yoxdur. Bütün ölkə futbolsevərləri adından bizə yaşatdığınız hər şey üçün sizə minnətdarıq!

Səxavət Qurbanov, Bakı-Molde-Bakı.

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43