29 Dekabr 2024
Kateqoriyasız

Stenli Brard: “Ümid edirəm, gələn mövsümdə uğurlarmız daha çox olacaq” – MÜSAHİBƏ

“Qəbələ” Futbol Akademiyası daha bir mövsümü geridə qoydu. Bəs mövsüm akademiyanın direktoru Stenli Brardın nəzərincə necə yadda qaldı? Tanınmış hollandiyalı mutəxəssis “Qəbələ İK”ya musahibəsində buna aydınlıq gətirdi.

– Geridə qoyduğumuz mövsüm akademiya üçün nə ilə əlamətdar oldu?
– İlk növbədə, gətirdiyimiz yeniliklərlə. Yeni məşqçilərlə işlədik, əlavə komandalar yaratdıq. U-10 liqasında komanda qurduq və çempionatın qalibi olduq. Akademiya yetirmələrini cüdo məşqlərinə cəlb etdik. Hesab edirəm ki, bu məşqlər aşağı yaş qrupları üçün çox faydalı oldu. U-19 və U-17 komandaları üçün fitness məşqləri də yenilik idi. Bu məşqləri keçən Şəhriyar müəllim uşaqları baza proqramları və elementar fiziki tapşırıqlarla tanış etdi. Bu dəyişikliklər məşqçilərimiz üçün yenilik olmaqla bərabər, onların işində səmərəliliyi artırdı. Akademiyada təlim görən futbolçuların təkcə futboldan deyil, digər idman növləri, xüsusilə, üzgüçülük və cüdodan da anlayışları olmalıdı. Onlar həm də məktəbdə yaxşı qiymətlərlə oxumalıdılar.

– Mövsümün əvvəlində akademiyada videoanaliz proqramını tətbiq edəcəyinizi demişdiniz.
– U-17 və U-19 komandaları üzərində sınaqdan keçirməklə, videoanaliz proqramının tətbiqinə başlamaq istəyirdik. Proqrama sahib olsaq da, tətbiqi bəzi səbəblər üzündən yubandı. Proqramın mükəmməl şəkildə tətbiq etmək üçün bəzi texniki vasitələrə ehtiyac var. Ümid edirəm ki, gələn mövsümdən proqramdan tam gücü ilə istifadə edə biləcəyik. Bu, çox maraqlı və faydalı bir innovasiyadı. Biz bu proqramı təkcə U-19 və U-17 komandalarına deyil, aşağı yaş qruplarına da tətbiq etmək istəyirik.

– Komandalarınızın liqalarda çıxışından razı qaldınızmı?
– Hesab edirəm ki, yaxşı çıxış etdilər. Nəticələrdən razıyam. Amma daha da yaxşı olmalıdı. Biz nəticələrlə yanaşı, futbolçuların fərdi inkişafında da maraqlıyıq. Futbolçuların fərdi inkişafı daha önəmlidi. Götürək Roman Hüseynovu. Bu futbolçu artıq əsas komandanın əvəzedici heyətinə cəlb olunur. Elvin Camalov isə əsas komandada möhkəmlənib və ölkənin əsas milli komandasına dəvət alıb. Biz bundan çox məmnunuq. Bu, başda Halim hoca olmaqla, məndən əvvəl və uzun illərdi akademiyada çalışan məşqçilərin əməyinin bəhrəsidi. Buna görə məşqçilərimizə minnətdaram. Ümid edirəm, gələn mövsümdə uğurlarmız daha çox olacaq.

– Roman, eləcə də, Yusif Nəbiyev və Qismət Alıyev də əsas komandanın məşqlərinə cəlb olunurlar. Qismət hətta Premyer Liqanın son turunda debüt də etdi. Bu futbolçuların əsas komandada gələcəyini necə görürsüz?
– Biz bilirik, eyni zamanda görürük ki, bu futbolçuların kifayət qədər potensialı var. Onların əsas komandada məşqə çıxması və oyunlarda iştirak etməsi artıq başqa insanlardan asılıdır. Mənə elə gəlir ki, klub rəhbərliyi və baş məşqçi də onlara dəstək verir. Amma sonda əsas yük və məsuliyyət, söz yox ki, futbolçuların öz üzərinə düşür.

– Fevral ayında Azərbaycan kubokunu qazanan U-14 komandanız çempionatın da qalibi olmaqla “qızıl dubl” edə bilərdi. Fəqət, finalda məğlub olaraq, bu fürsəti əldən verdilər. Halbuki, futbolçularınız mövsüm ərzində “İnter”dən olan yaşıdlarına 3 dəfə üstün gəlmişdilər.
– Futbolda belə nəticələr həmişə olub. Xüsusilə də, aşağı yaş qruplarında. Bu komanda oktyabr ayından çempionatın son oyununa qədər məğlub olmamışdı. Futbolçuların uzun müddət sabit oyun göstərməsinin özü təqdirəlayiq hal idi. Ancaq sonuncu, həlledici oyunda onlardan gözlənilən oyunu görə bilmədik. Əlbəttə, bu fürsəti əldən verdiklərinə görə, futbolçular özləri də çox məyus oldular. Oyundan sonra onların könlünü aldım, mövsümün sonuna qədər əllərindən gələni etdiklərini dedim. Amma onlar bundan da yaxşı çıxış edə bilərdilər. İnanıram ki, gələn mövsümdə bunu sübut edəcəklər.

– “Bakı”, “İnter” və “Simurq” klublarındakı maliyyə sıxıntıları, sözsüz ki, uşaq futboluna da təsir edəcək. Bu barədə nə deyə bilərsiniz?
– Bu barədə həmkarlarımla çox danışmışam. Əlbəttə, əsas olan öz klubumuzun vəziyyətidi. Bu baxımdan, “Qəbələ”nin işləri yaxşı gedir. Önəmli olan budu ki, əsas komanda mövsümü uğurla yekunlaşdırdı, komanda yenidən Avropa Liqasında çıxış edəcək. Avroliqaya vəsiqə qazanmağın özü böyük nəticədi. Ancaq Azərbaycanın digər klublarında maliyyə problemi yaşanırsa, bu, dolayısı yolla bizə, uşaq futboluna da təsir edir. Bununla belə, mənfi təsir özünü çox göstərməməlidi. Bu il Azərbaycanda uşaq futbolunda ciddi uğurlara imza atılıb. U-17 və U-19 milli komandaları Avropa çempionatının seçmə mərhələsinin elit raundunda çıxış etdilər. Uşaq futboluna mütləq vəsait yatırmaq lazımdı. Bu baxımdan, biz daha şanslıyıq. Çünki bizim klub rəhbərliyi, xüsusilə, uşaq futboluna böyük diqqət ayırır. Amma bizə eyni zamanda güclü rəqiblər də lazımdır. Azyaşlılarımızın inkişafı üçün rəqiblərimizin güclü olması şərtdi. Ümid edirəm ki, həmin klublarda maliyyə problemləri aradan qaldırılacaq. Çünki Azərbaycanda futbolun gələcəyi uşaq futbolunun inkişafından asılıdı.

– Ötən ay “Qəbələ” Futbol Akademiyasına seçimlər keçirildi. Nəticələr sizi qane etdimi?
– Uşaq futbolunda çox önəmli iki sahə var. Birincisi, akademiyadır. Uşaqlar burda yetişir və püxtələşirlər. İkincisi də, seçimlərdi. Çünki bizə hər zaman yaxşı futbolçular lazımdı. Əsasən də, aşağı yaş qruplarında. Güclənməyin daha bir yolu isə başqa klublarda görüb bəyəndiyimiz futbolçuları akademiyaya cəlb etməkdi. Əlbəttə, o oyunçular cəlb edilir ki, onlar bizim futbolçulardan, güclüdürlər və potensiallarını daha da artıra bilərlər. Bu baxımdan, seçimlər “Qəbələ” Futbol Akademiyasının fəaliyyətində mühüm yer tutur. Bu dəfə aksiyada 600 nəfərə yaxın futbolçu iştirak etdi. Onlardan 30-nu bəyənib, seçdik. Həmin futbolçular avqust ayında məşqlərimizdə iştirak edəcəklər. Həm məşqlər, həm də oyunlarda onları öz futbolçularımızla müqayisə edəcəyik. Bu müqayisdə üstün olanları akademiyaya qəbul edəcəyik.

İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43