Hələ ötən mövsüm “Şəfa” klubu barədə oxucularımıza məlumat vermişdik. Bakı klubunun ciddi hədəflərlə yenidən Premyer Liqa yolunda addımladığını, yenilənən rəhbərliklə inişaf etməkdə olduğunu bildirmişdik. Bu gün də komanda nəticələri ilə bunu sübut edir.
Ötən mövsüm Azərbaycan II Liqasında sonuncu sıralarda gedən “Şəfa” artıq iddialı heyətlə çempionluq mübarizəsi aparır. Yalnız heyəti dəyişməklə yox, rəhbərlik həmçinin peşəkar klub olmaq, komandanı əvvəlki günlərinə qaytarmaq üçün də ciddi səylər göstərir. Klub idarəediciləri Premyer Liqa hədəfini yalnız sözdə yox, əməllə də isbat etmək niyyətindədi.
Ötən gün komandanın Azərbaycan Kubokundakı çıxışı görülən işlərin düzgünlüyünü təsdiqlədi. “Şəfa” I Liqa təmsilçisi “Difai” ilə baş-başa mübarizə apardı, 90 dəqiqədə rəqibinə məğlub olmadı. Bakılılar yalnız əlavə vaxtlarda qapısından üçüncü qolu buraxaraq (2:3) turnirlə vidalaşdı.
Nəticə məyusedici olsa da, klubun inkişaf etdiyi, addım-addım irəlilədiyi göz önündədi. Özündən daha təcrübəli və yuxarı liqada çıxış edən bir komandaya qarşı indidən başa-baş mübarizə aparan “Şəfa” üçün gələcək ümid verir. Əgər klub rəhbərliyi bundan sonra eyni iş sistemini davam etdirsə, komanda qısa vaxtda öz hədəflərini nail olacaq.
İdmanxeber.az