İdman

Sumqayıt mərhələsinin qalibi: “Azərbaycanda bu gün ən xoşbəxt estoniyalı mənəm”

Bu gün velosiped idmanı üzrə “Azərbaycan turu”na start verildi.

İdmanxeber.com-un məlumatına görə, Bayraq Meydanından start götürən “İsrail Cycling Academy”nin üzvü Maykl Raym qalib gəldi və mətbuat konfransında bunları dedi:

“Azərbaycanda bu gün ən xoşbəxt estoniyalı mənəm. Çox şadam. Gözəl gün keçdi. Özümdən və komandamdan razıyam. Qələbəm üçün komanda yoldaşlarım əlindən gələni etdi. İlkin planımız startdan dərhal önə çıxmamaq idi. Çünki güclü külək var idi. Son döngədən sonra irəli çıxmağı planlaşdırırdıq. Hər şeyi plan üzrə etdik. Sona yaxın komandanın digər üzvlərindən uzaqlaşdım. Çünki bilirdim ki, son km-lər çox çətin keçəcək. Son 5 km-də sprintə başladıq. Özüm haqda nə deyə bilərəm? Ayaq əzələlərim sprintdə yarışmağa imkan verir. Amma özümü güclü sprinter adlandıra bilmərəm. Bu gün həm özümə, həm də başqa velosipedçilərə sübut edə bildim ki, sprintdə də mübarizə apara bilirəm. Ancaq ümumi təsnifatda çəkisi daha az olan velosipedçilərin önə çıxacağını düşünürəm. 3-cü dəfədi ki, Azərbaycandayam. Bu üzdən heç bir sürprizlə üzləşmədim. Yarışa az qalmış “Azərbaycan turu”nda iştirak edəcəyimi bildim. Komanda yoldaşlarımdan biri məni sıxışdırmağa başladı. Sanki mən başqa komandanın üzvü idim. İstənilən halda, bu gün tarixi qələbə qazandıq. Bura gəlməzdən əvvəl 3 və 5-ci mərhələdə daha yaxşı nəticə göstərəcəyimi düşünürdüm. Çünki yoxuşa sürməyi daha çox sevirəm. Bu qələbə məni daha da həvəsləndirdi. “Azərbaycan turu”nun qalibi olmağa namizəd komandalar çoxdu. Bu üzdən hansınısa favorit kimi fərqləndirə bilmərəm”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43