Topaz Premyer Liqasının 21-ci turunda “Sumqayıt” öz meydanında “Rəvan”la qarşılaşdı. Turnir cədvəlinin autsayerlərinin qarşılaşmasında qalib müəyyən olunmadı – 1:1.
Güvenc Kurtar, “Rəvan” klubunun baş məşqçisi: “Ən yaxın rəqibimizdən 1 xal aldıq. İlk 15 dəqiqədən sonra rəqib daha yaxşı oynamağa başladı. 21 nömrəli oyunçunun hücuma təhlükəli qoşulmaları olduğunu bilirdik. Onun qarşısını ala bilmədik, qapımızda qol gördük. Oyuna yaxşı başladıq, yaxşı oynadıq. “Sumqayıt”ın yığdığa xallara baxıb aldanmayın, rəqiblərinə çətinlik yaşadacaq gücdədir. Bizim üçün bir xal da yaxşı nəticədir. Hakimlər oyunu yaxşı idarə etdi. Hakimlikdən razı qaldım. Yamin sarı vərəqə aldığı üçün əvəzlədim. İkinci hissədə qalib gələ bilərdik, Ramazanın zərbəsi qapı dirəyindən qayıtdı”.
Aqil Məmmədov, “Sumqayıt” klubunun baş məşqçisi: “Maraqlı oyun oldu, oyunçular çox həvəsli idi. Oyunun taleyini ilk hissədə həll edə bilərdik. İkinci hissədə bərabər oynadıq. Yaxşı oynadıq, lakin nəticədən narazı qaldım. Müdafiədə buraxdığımız səhvdən qapımızda qol gördük. Hücumlarda son nöqtəni qoya bilməməyimiz bəlamızdır. Ruslan Nəsirli gənc futbolçudur, əsas heyətdə meydana çıxmışdı. Həyəcanlı olduğu hiss olunurdu”.