Kateqoriyasız

“Süni meydanda futbolçular qorxa-qorxa oynayır” – Regekampf

Misli Premyer Liqasında XVII turun “Turan Tovuz” – “Neftçi” (0:1) oyunundan sonra təşkil edilən mətbuat konfransında qonaq komandanın baş məşqçisi Laurentsiu Regekampf jurnalistlərin suallarını cavablandırdı.

İdmanxeber.az xəbər verir ki, o, əvvəlcə matç barədə fikirlərini bildirdi…

– “Neftçi TV”nin əməkdaşı dünyasını dəyişib. Ailəsinə başsağlığı vermək istəyirəm. Onların yanındayıq. Bilirdik ki, asan oyun olmayacaq. Bir məqama toxunmaq istəyirəm. Hansı ki, futbol üçün yaxşı deyil. Tovuzda çox yaxşı infrastruktur yaradılıb. Azarkeşlər də gəlir. Amma meydança dəyişdirilsə, Azərbaycan futbolunun səviyyəsinin artması üçün daha yaxşı olar. Həm futbolçular, həm Azərbaycan futbolu daha yaxşısına layiqdir. Liqada çox yaxşı komandalar var. Avropada çıxış edən kollektivlər var. Onlar daha yaxşısına layiqdirlər. Bu cür oyunlara hazırlaşmaq çətin olur. Rəqib qol buraxmamaq üçün arxaya toplanır. Biz hər gün təbii örtükdə məşqlər edirdik. Bu cür hazırlaşdıqdan sonra süni meydanda futbolçular qorxa-qorxa oynayır. Bunu başa düşürəm. İlk hissədən sonra Fərid Yusiflini itirdik. Görünürdü ki, oyunçular yüz faizini meydanda qoymaqdan qorxurlar. Bu oyunda əsas məqsədimiz 3 xal qazanmaq idi. Mükəmməl futbol oynamağı düşünmürdük. Bizə lazım olan 3 xal idi və bunu qazandıq.

– Komanda yalnız cinah asmalarından istifadə edirdi. Bu, “Turan Tovuz”a qarşı seçdiyiniz taktika idi, yoxsa sadəcə hücumda yaradıcılıq çatışmazlığı var?
– Bu, oyun planımız idi.

– Kenni Sayefi sol cinah müdafiəçisi kimi oynatmağınız onu cəzalandırmaqdır?
– Bu, ona görə idi ki, Azər Salahlı sarı vərəqə almışdı. Onlar dəyişiklik edəndən sonra Xəyal Nəcəfov həmin cinahda oynayırdı. O da Azərə sarı vərəqə qazandıra bilərdi. Buna görə də risk etmədik. Azər Salahlıya inanıram. Ağır zədədən qayıdıb. Əminliklə deyə bilərəm ki, oyundan oyuna daha yaxşı olacaq.

– Tez-tez zədələrin olmasının səbəbi nə idi?
– Qodsvey Donyonun zədəsi qəribədir. 3-4 həftə əvvəl məşqdə zədələnib. Necə olduğunu başa sala bilmərəm. Ağlasığmaz bir şeydir. Qaçarkən ayağı sürüşdü. Elə zədə aldı ki, sümüyü ağrı verməyə başladı. İndi də ağrıları var. Son oyunda meydana çıxdı. Amma ağrılarla oynadı. Ağrı möhkəmləndi və buna görə də bu gün meydana çıxmadı. Zədələrimiz çox qəribədir. Azər Əliyev son dəqiqədə xəsarət aldı. Eddi İsrafilovun zədəsi xronikidir. Fəriddə də eyni zədədir. Güman ki, əməliyyat olunacaq. Digər oyunçularımızda xırda zədələr var. Bunlar da normaldır.

– “Neftçi” “Turan Tovuz”u büdcə, şərait kimi məqamlarda bir neçə dəfə üstələyir. Belə bir rəqibə qarşı komandanızın son dəqiqələrdə vaxt uzatmasını necə izah etmək oalr?
– Hər şey 3 xal üçün idi. Bu, normal şeydir, hər bir komanda edir. İndi büdcə barədə danışmaq vaxtı deyil. Almaniya evə getdi, Yaponiya isə dünya çempionatında mərhələ adladı. Digər belə nümunələr də var. Bəzən futboldas yalnız puldan söhbət getmir. Yaxşı pulun ola bilər, amma ayxşı komandan da olmalıdır. Oyunun sonlarında vaxt itirmək qəribə deyil. Hər komanda risk etməmək üçün belə addımlar atır. Niyə risk etməliyik? 90+4-cü dəqiqədə 2-ci qolu vurmaq üçün.

– Kimlərin komandanı tərk edəcəyi bəllidir?
– Bu barədə dnaışmağın zamanı deyil. İki çətin oyunumuz var. Zədəli oyunçularla bağlı da problem yaşayırıq. İki oyundan sonra rəhbərliklə müzakirələr olacaq. Nə edə biləcəyimizə baxacağıq.

– Rumıniya mətbuatı sizdən sonra Emin Mahmudovu da “aparır”…
– Mən “sarı mətbuat”ı izləmirəm. Bu, doğru məlumat deyil. Düşünmürəm ki, bu barədə danışmaq lazımdır.

– Hansı mövqelərə transfer edəcəksiz?
– Hamımız bu yöndə müzakirələr aparır, işləyirik. İlin bitməsini gözləməliyik. İki vacib oyunumuz var. Kubokda geridönüş etmək istəyirik. Ondan sonra da çempionatda əhəmiyyətli matçımız olacaq. Bu gün ikinci komandadan 5-6 oyunçu ehtiyat skamyada idi. “Zirə” ilə matçdan sonra daha da çətin olacaq. Kubokda yaxşı nəticə əldə etsək, komandada atmosfer daha yaxşı ola bilər. Amma bunun baş verməməsi də mümkündür. Futbolda hər şey ola bilər. İndi bu mövzu barədə danışmaq istəmirəm. Bütün oyunçularımız konsentrasiya olmalıdır.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43