Kateqoriyasız

Super Kubok gülməcəsi – KÖŞƏ

Naxçıvana futbolun qayıtması əlamətdar hadisədi. İkinci əlamətdar hadisə də Muxtar Respublikada çoxdandı azrulanan Super Kubok oyununun keçirilməsi idi. Nəhəyət PFL ölkənin gücülülərinin duelini təşkil etməklə daşı ətəyindən tökdü. Oyunu izlədik. Nəticə həqiqətən də ifadə olunan kimidi. PFL Super Kubok oyunu keçirməklə sözün əsl mənasında məhz ətəyindəki daşı tökmüş oldu.

Bizdə idman mediası təsadüfi hallarda təşəbbüskar rolunda çıxış edir. Əvvəllər belə şeylər çox olardı. İndi mahiyyəti beyinlərinə verəndə, ciddi olmayan məsələlərdən yapışırlar. Məsələn, Super Kubok kimi. Neçə ildi, əlinə qələm götürən hər kəs Ramin Musayevin ətəyinə bir daş qoydu, bu mövzuda. Yığıldı-yığıldı, ağırlaşdı. Axırda dedilər ki, alın, sizə Super Kubok!

Gerçəkdə isə, adamlara belə bir oyun lazım deyildi. Baş tutan oyunun təşkilatçılığını adicə ölkə kubokunun finalı ilə müqaisə edin. Heç Rövnəq Abdullayev də Naxçıvana qədər özünü yormamışdı. Hər şey ironik görünürdü. Hələ sonda “Naxçıvan xanı”nın tanımadığı adamların boynundan medal asması, Sadıq Sadıqovun yerlibazlığa salıb Talıbovu söhbətə tutması… Elə “Xəzər Lənkəran”ın  “möhtəşəm uğur”a gülməli görünən sevinc göstərisi. Boyları, görüntüləri arasında fərq olsa da, Hüseyn Cəbrayıloğlu qapıçı Leyton Duqlasa bənzəyirdi. Aləm qarışmışdı bir-birinə, attanan, uçan, dombalağ aşan və.s.

Naxçıvana aparılmış media əhli qayıdıb ordan nə yazacaq, bilmirəm. 1500 km məsafədən Super Kubok oyununu ciddi görə bilmədim. İdman Azərbaycanın internet səhifəsindən izləyirdim matçı. Ukraynalı tanışlar soruşdu ki, bu nə oyunudu? Azərbaycan Super Kuboku uğrunda oyun olduğunu demədim, utandım, dedim ki, Azərbaycanın birinci dəstəsidi, boş şeydi.

Rəhim Həsənovun penalti qərarı isə lap oyunun özü rəngdə, əyləncəli alındı. Araşdırmaq lazımdı, yer üzündə keçirilən neçə Super Kubok oyununda hakim penalti qərarını dəyişib. Bəlkə də belə fakt yoxdu. Ona görə ki, bucür matçlara adətən ciddi hakimlər təyin edilir. Ciddi hakimi isə gərək ciddi hakimlər komitəsi təyin edə. Rövnəq Abdullayev klub prezidenti olan vaxt “Neftçi” üçün oyun alan, oyun satan, “Neftçi”nin çempion edən, illərdi Hakimlər Komitəsinə rəhbərliyi bu xidmətlərinin mükafatı olaraq daşıyan Xaqani Məmmədov yox. Qayıdaq mətləbə…

Bu qalibiyyət həm də “Xəzər Lənkəran” üçün müvəqqəti paklanmaq missiyasının həlli oldu. Sabahdan Tuyqun Nadirovun önündə yeni tribuna açılır, yeni mikrafonlar düzülür. Adam danışmağa başlayacaq. Ən utanmalı vaxtlarda danışmağa dil tapan adamın indi nələr danışacağını təsəvvür edə bilirsinizmi? Mübariz Mənsimovun perspektivdəki eşşək ferması planı bir qədər də uzanacaq. Əslində bu Nadirovu narahat edən mövzu da deyil. Ona maaşı yaxşı olan iş lazımdı. Futbol klubu olsun, eşşək ferması olsun, fərq etməz, üzünü abırına büküb çalışacaq. Zəhmətkeş oğlandı, Nadirov.

“Neftçi”nin baş məşqçisi Tərlan Əhmədov nə vaxtdan kostyum geyinməyə başlayıb, bilmirəm. Onu ilk dəfə baş məşqçiyə oxşayan görürdüm. Meydandakı oyun hər şeyi pozdu. Yenidən onun təsdiqini gördük ki, “Neftçi”nin oturduğu skamyanın önündə ayaq üstə dayanan adam hansı libasda olursa, olsun, uzun müddətdir baş məşqçi səlahiyyətlərini icraçısı deyil, vasitəçisidi. Böyükağa Hacıyev də həmin adam olub, Əhmədov da bu aqibətə razıdı. “Neftçi”də baş məşqçi kimi hörmət olunan, rəhbərlik mahiyyəti daşıyan post yoxdu. Bu klubun baş məşqçisi Sadıq Sadıqovdu. Ona hər-hansı idman geyimində və ya kostyumda komandanı oyunlara “baş məşqçi” adı ilə çıxaran adam lazımdı. Qaydaların önündəki boş xanaları doldura bilmək üçün. Qalanı boş şeydi. Ona görə də, heç kim Əhmədovu istefaya-zada çağırmamalıdı. Baş məşqçi xanasında Tərlan Əhmədov yazılmayacaq, Kamal Quliyev yazılacaq. Fərqi yoxu, məna dəyişməyəcək. Sadıq Sadıqovun istənilən an təpiyin altına saldırmaq hüququna malik olduğu adamlardan məşqçilər korpusu olmaz!

Bunları Naxçıvandan qayıdan jurnalist dostlar yazmayacaq. Onların yazmayacağını bildiyimə görə, dedim özüm yazım.

Rəsul Şükürsoy

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43