09 Noyabr 2024
Ölkə futbolu

Tək bir xidmətiniz qalıb

Yer kürəsində bu cür rəzil oyun göstərən ikinci bir komanda yoxdur. Dünyanın ən balaca ölkəsindən böyüyünədək, hər kəs bizdən daha yaxşı vəziyyətdədir. Bəlkə də bacarmırıq, bəlkə də heç vaxt bacarmayacağıq. Ancaq bütün bunların məsələyə heç bir aidiyyəti yoxdur. Çünki məsələ daha böyük, daha kritikdir. Təssəvvür edin ki, biz milli komandanın oyunlarından sonra matçı yaza bilmirik. Yəni ki, kim yaxşı oynadı, kim pis oynadı, baş məşqçi hansı sistemlə meydana çıxmışdı və s. Bunlar artıq heç kimə maraqlı deyil. Əvəzində isə hamıya maraqlı olan tək bir şey var: federasiya rəhbərliyi nə vaxt istefa verəcək!

Azərbaycan millisi Maltanı da udu bilməyəndə, Lixtenşteyinə də məğlub olanda, Slovakiyadan beş top buraxanda da tənqid, nifrət adressi dəyişmir. Bütün hər kəs ölkə futbolunun ən böyük probleminin hazırkı federasiya rəhbərliyi olduğunu bilir. Artıq vəziyyəti o yerə çatdırmısınız ki, azarkeşlər sizi tənqid etməyən jurnalistləri, saytları satqın, qorxaq və az qala vətən xaini adlandırır. Bəli, bu vəziyyəti siz yaratmısınız. Bu gün öz “əsər”inizlə üz-üzəsiniz. Boşu-boşuna yalançı fövqəladə iclaslar keçirib, ciddi tədbirlər görüləcək havası da yaratmayın. Bilirəm ki, buna da cəhd edəcəksiniz. Ancaq bu da olmayacaq, tutmayacaq. Çünki bıçaq sümüyə dirənib. Sizə qarşı yaranan təpki nifrət dalğasına çevrilib. Və sürətlə üzərinizə gəlir. Qaçmağa, sığınmağa yer də yoxdur. Sizi qoruyacaq qələmlər də sınıb, güclərini itirib. Dərdə dərman tapılmamağından daha pis, dərdi danışmağa yerin olmamasıdır. Ancaq hələ də edə biləcəyiniz bir xidmət qalıb. O da istefa verməkdir. Bəli, istefa da bir xidmətdir.

Sizdən sonra kimlərin gələcəyi, nə cür doğru işlərin görüləcəyi də şübhəlidir. Ancaq sizin tutduğunuz yolun yanlış olduğu ən başdan bəlli idi. Siz sizdən olmayanları kənar tutdunuz, saymadınz özünüzə bir milli komanda, bir də onu yazacaq mətbuat düzəltmək istədiniz. Axırda da belə. Bütün xalq sizə qarşı çıxdı. Açığı, bütün ölkənin öfkəsini, nifrətini qazanmağı necə bacardınız, bilmirəm. Ancaq bu işdən xəbərinizin olmadığını əminliklə bilirəm. Əgər bunca yaşananlardan sonra hələ də o vəzifələrdə qalmaq fikriniz varsa, etməyin. Çünki verəcəyiniz heçnə qalmayıb. Hekayəniz bitib, nağılınız sona çatıb. Göydən almaların da düşəcəyini gözləməyin, çünki o almaları siz çoxdan yemisiniz.

Həsən Quluzadə


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43