21 Dekabr 2024
Ölkə futbolu

Tənginəfəs

“Axırıncı Aşırım” filmində Kərbəlayi İsmaillə Abbasqulu bəyin məşhur görüşündəki dialoqu kinosevərlərin bu gün də əzbərindədir. Kərbəlayi Abbasqulu bəyə dərdlərini, problemlərini danışıb, bəzi məsələlər haqda gileylənir. Sonda isə bir ömür qulaqlarda sırqa olacaq bu fikirləri səsləndirir:

“Adamın varına da, malına da toxunarlar, torpağını da götürərlər. Nə olar ? Elə bilərəm əl çirkidir. Bəs, hörmətə, izzətə nə sözün ?…”

Gerisi bilənlər üçün məlumdur. İndi də belə bir vəziyyət yaranıb. Əvvəlcə kubokdan əlinizi üzdünüz, qış fasiləsində transfer dönəmini “yola verərək” baş saxladınız, gətirib-gətirib çempionatın sonlarında “Səbail”ə məğlub oldunuz, indi də liqada qalmaq üçün mübarizə aparan “Sumqayıt”a uduzdunuz. Elə Kərbəlayi demiş: “Əşi, hansı birini deyim ?”.

İndi deyin görək, bu azarkeş sizə nə desin, nə eləsin ?! Mövsümboyu sizi tək qoymayan, hər kəslə döyüşüb, mübarizə aparan bu azarkeşə nə cavab verəcəksiniz ?!  Yaxşı, hər şey bir yana. Onsuz da, aşağı-yuxarı bütün hər kəs “Səbail” oyunundan sonra çempionluğun “Qarabağ”a ərmağan edildiyi qənaətinə gəlmişdi. Ancaq ümid sonda ölürdən yola çıxıb hamının – daha doğrusu sizin sadiq azarkeşlərin ağlında “bəlkə sonuncu tur” xəyalı var idi axı. Onu belə onlara çox gördünüz. Heç o ümidi belə onlara yaşatmadınız. Əslində siz mövsümboyu çempionluq ümidinə qapılacaq oyun göstərməmişdiniz. Ancaq azakeş inanmışdı, ümidlənmişdi. Barı onlara bir son tur ümidi bəxş edəydiniz. Onu da bacarmadınız!

Eynən qızıl medal söz verib qaçış zolağına çıxan, finişə 5 addım qalıb tənginəfəs olan idmançı misali. Bu qədər yol qət edib, finişdə büdrəməkdə nə demək?

İndi başa qayıdıb azarkeş adından bu oyunçulardan soruşuram: Komandanın heyəti də geniş olmaz, oyunu da baxımlı olmaz. Nə olar ? Bəs, xarakterə, ruha, mübarizəyə nə sözün ? Bunun üçün də baş məşqçi, transfer lazım idi?!

Həsən Quluzadə

 

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43