14 Noyabr 2024
Ölkə futbolu

“Tərk edilmiş” klub

Mövsümə sürpriz nəticələrlə başlayan “Araz Naxçıvan”da hazırkı vəziyyət təəccüb doğurur. İki aya yaxındır qələbə qazana bilməyən Naxçıvan klubundakı problemin çarəsi tapılmır. Bəzi qarşılaşmalarda hakim səhvlərindən xal itkisinə məruz qalınsa da, kəskin enişin səbəbini yalnız buna bağlamaq olmaz.

Avrokubok mövqeyindən sonuncu sıralara yaxınlaşmağın tutarlı səbəbləri olmalıdır. Düzdür, komandanın bu iddiada olduğu birbaşa baş məşqçi və ya rəhbərlik tərəfindən səsləndirilməsə də, oyunçular davamlı bu yöndə açıqlamalar verirdi. Deməli, həmin dönəm işlərin yaxşı getməsi klub daxilində de-fakto bu hədəfə köklənmənin olduğuna işarə idi.

Bəs nə baş verdi? Niyə “Araz Naxçıvan” rəhbərliyi bir anda komandanı “tərk etdi”?

Məsələn, qışda rəqiblər gücləndiyi halda Naxçıvan təmsilçisi buna ehtiyac duymadı. Əldəki heyətlə uğurlu gedişatın davam edəcəyini zənn etmək rəhbərlik adına ciddi nöqsan idi. Axı rəqiblər gücləndiyi bir vaxtda onları kənardan seyr etməklə nəticə olardımı?

Üstəlik, “Araz Naxçıvan” qış fasiləsində ölkəxaricinə də üz tutmadı. Toplanışı Azərbaycanda keçirməkdə məqsəd büdcəni daha səmərəli yerə istifadə etmək idi. Amma bu da baş vermədi. Nə transfer oldu, nə də hər hansı bir yenilik.

Bunlarla bərabər, klub adına davamlı maliyyə problemləri ilə bağlı iddialar da səngimir. Maaşların vaxtında verilməməsi, növbəti mövsüm üçün davam edən bəlirsizlik və s.

“Araz Naxçıvan” klubunda əsl idarəedicilik problemi yaşanır. Rəhbərlik uğursuz gedişatın önünə keçə bilməməklə yanaşı, müsbət siqnallar da vermir. Və bu gün komandanın bu vəziyyətdə olmasının əsas səbəbi qeyri-müəyyənlikdir. Həm komandada, həm də rəhbərlikdə bu, açıq görünür.

“Kəpəz” məğlubiyyətindən sonra baş məşqçi Azər Bağırov “futbolçular tapşırıqları icra etmir” deyir. Maraqlıdır. Niyə etmirlər? Bu, mövsümün əvvəlindəki komanda deyil? Dəyişən nə idi?

Görünür, hər şey qeyd etdiyimiz kimidir. Artıq oyunçular da klubdakı idarəçilikdən, qeyri-müəyyənlikdən öz nəsibini alıb. İllər sonra Premyer Liqaya qayıdan Naxçıvan klubu yalnış strategiya və məsuliyyətsiz yanaşma səbəbindən yenidən dibə vurmağa yaxındır.

Həsən Quluzadə


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43