“Kaşki pis oynayıb, xal qazanardıq” “İki fərqli hissə izlədik. İlk yarıda topa nəzarət edə bilmirdik. Xırda bir səhvdən sonra rəqib bizi əks-hücumda qol vurdu”.
İdmanxeber.az xəbər verir ki, bunu “Keşlə”nin baş məşqçisi Tərlan Əhmədov Azərbaycan Premyer Liqasının XIX turunda evdə “Qarabağ”a 0:1 hesabı ilə uduzduqları oyunda sonra deyib.
48 yaşlı mütəxəssisin sözlərinə görə, ikinci hissədə üstün futbol sərgiləyən komanda “Keşlə” olub: “Kaşki pis oynayıb, xal qazanardıq. Bəzi zədəlilərimiz vardı. Bu gün Amil Yunanov 4-cü sarı vərəqəsini aldıq. İkinci hissə gələcəyə ümid verirsə, ilk yarıdakı nöqsanlardan nəticə çıxarmalıyıq”.
Baş məşqçi əsas problemlərinin futbolçuların arxaya, xüsusən də qapıçıya ötürmə etməkləri olduğunu vurğulayıb: “Ən böyük problem budur. Rəqibi təzyiq altında saxladığın vaxtda qapıçı Kamran Ağayevə ötürmə verilir. Məşqlərdə daha çox bunun üzərində işləyirik. Səbəbi mənim üçün də qaranlıqdı. Alınmır ki, alınmır”.