Tərlan Əhmədov Azərbaycan futbolunda adı daima neqativ hallarla çəkilən tək-tük məşqçilərdəndir. Kifayət qədər uğurlu işləri olsa da, gündəmdə daima qeyri-peşəkar davranışları ilə qalır. Son çalışdığı “Kəpəz” klubunda yaşadıqları hamının xatirəsindədi. Ona tapşırılan işin öhdəsindən gəldiyini demək olar, ancaq problemli xarakter uğurun önünə keçdi və Əhmədov yenidən işsiz qaldı.
“Kəpəz”dən bu qədər qalmaqallı şəkildə ayrılan təcrübəli mütəxəssis barədə kifayət qədər iradlar bildirildi, yazılar yazıldı. Əksəriyyət haqlı olaraq Əhmədovun xarakter probleminə görə böyüyə bilmədiyini vurğuladı. Ancaq zaman bir çox problemlərin unudulmasına səbəbdir. Düşünərdik ki, Əhmədov başına gələnlərdən dərs çıxaracaq və bir daha karyerasına yaraşmayacaq davranışlar ortaya qoymayacaq. Ancaq yenə olmadı…
“CBC Sport”da yayımlanan “Bizim futbol” verilişində qonaq olan mütəxəssisdən daha dolğun, sahədəki təcrübəsinə yaraşan açıqlamalar gözləyirdik. Məsələn, “Kəpəz”dən ayrıldıqdan sonra müəyyən problemlərin olduğunu, özünün də bəzi səhvlərə yol verdiyini və yekunda sabiq klubu ilə bağlı çox danışmağın etik olmadığını deyə bilərdi. Həmçinin hazırki baş məşqçi Azər Məmmədovun tamamən yeni heyətlə “Neftçi” üzərindəki qələbəsindən, səfərdə “Qarabağ”dan xal almasını da vurğulamaq olardı. Gənc həmkarının yaxşı başlanğıcına diqqət çəkmək, onun da uğurundan bəhs etmək daha səviyyəli görünərdi. Nəinki yalnız problemlərə köklənmək. Axı Əhmədovun çalışdığı dönəmlə indiki “Kəpəz”də şərait baxımından ciddi fərq yoxdur. Gəncə təmsilçisi bu gün də aşağı büdcəylə, sponsorsuz və çətin şəraitlə yoluna davam edir.
Amma Tərlan bəy hələ də “Kəpəz”dəki hamının bildiyi problemləri xırdalamaqla rəhbərliyi hədəf almağa davam edir, özünümüdafiəinin həddini zorlayır və tamamən haqlı olduğunu göstərməyə çalışırdı. Qısacası, köhnə işini icra etməklə məşğul idi.
Halbuki “Kəpəz” klubunun rəhbəri İlqar Nadiri müsahibələrinin birində komandaya gətirilən futbolçular və məşqçilər heyətinin hər birinin Gəncədəki şəraitdən xəbərdar olduğunu və heç kimin burada sürprizlə qarşılaşmadığını açıqlamışdı. Əslində Nadirinin təkcə bu cümləsi belə Əhmədova çox tutarlı cavabdır.
Ümumiyyətlə, ona güvənib, vəzifəyə gətirən rəhbərliyə qarşı bu aqressiv mövqe hardan qaynaqlanır? Niyə Əhmədov oturub-durub “Kəpəz” rəhbərini hədəf alır? İşsiz günlərinə son qoyan kəsə qarşı bu aqressiyanın səbəbi nədi?
Qulağımıza gələn bir-iki səhih məlumatı oxucularımıza da təqdim edək ki, sualların cavabları aydın olsun.
Təcrübəli mütəxəssis komandada özünəməxsus bir sistemlə cəza qaydaları tətbiq edib. Əgər hansısa oyunçu daxili nizam-intizam qaydalarına əməl etməsə, bəlli bir məbləğdə cərimələnir. Bütün klublarda olan, bilinən cərimə kodeksidi. Amma qeyd edildiyi kimi Əhmədov bunu özünəməxsus tərzdə həyat keçirirmiş. Oyunçulardan birini xüsusi olaraq bu iş üçün ayırır, cərimələdiyi futbolçulardan pulu nəğd şəklində alır və özündə saxlayır. Yığılan vəsaitin aqibəti barədə isə bir çox iddialar var ki, biz məsələsinin bu tərəfinə varmaq niyyətində deyilik.
Əlbəttə, bu üslub bir çox futbolçunun xoşuna gəlmir və narazılıqlar başlayır. Məsələdən xəbərdar olan İlqar Nadiri dərhal duruma əl qoyur və Əhmədova qaydalara əməl etməyən oyunçuların klub tərəfindən cərimələnməli olduğunu, bunun üçün məsul şəxslərin komandada çalışdığını, belə bir üslubun qəbuledilməz olduğunu xatırladır. Məhz bu hadisədən sonra Əhmədovun Nadiri ilə “soyuq savaş”ı başlayır.
Qazanılan xal və xallardan sonra hamıdan yüksək mükafat alan, yaxın məsafədə olan Tovuz səfərinə bir gün öncədən getməyi tələb edib və buna nail olan, maaşlarının ödənilməsində heç bir problem yaşamayan Tərlan bəyin dərdinin nə olduğunu anlamaq çox çətindir. Düzdür, Gəncədə çalışmağın xüsusi çətinliyinin olduğunu qeyd etməyə dəyər. Amma Əhmədov bu problemlərin öhdəsindən gəlmək üçün orada olduğunu niyə unudub? Bu suala özü cavab versə, daha yaxşı olar. Yoxsa bu həmlələr kənardan çox süni və uğursuz görünür. Amma həqiqət odur ki, Azərbaycan futbolu böyük uğurlar qazana biləcək potensialda bir məşqçini balaca işlərlə məşğul olduğu üçün itirir. Bizə isə yalnız təəssüflənmək qalır…
İdmanxeber.az