19 Yanvar 2025
Ölkə futbolu

Tahir Gözəl: “Böyük klubları Bakıda gözləyirik”

“Qarabağ” Avropa Liqası pley-off mərhələsində “Olimpiya” klubunu üstələyərək qrup mərhələsinə vəsiqə qazanıb.

İdmanxeber.az-ın məlumatına görə, görüşün ardından klubun prezidenti Tahir Gözəl qarşılaşma barədə fikirlərini bildirib:

“Ardıcıl 10-cu dəfə avrokubokların qrup mərhələsinə yüksəldik. Bəzi ölkələr reytinqlərinə görə avtomatik olaraq qrupda iştirak edirlər. Şərqi Avropada tarix boyu belə klub olmayıb ki, 10 il dalbadal qrup mərhələsində iştirak etsin. Sizə çox maraqlı bir statistika deyim. Avropada yalnız 16 klub 10 il ardıcıl qruplarda mübarizə aparıb. Onların əksəriyyəti də avtomatik buna nail olurlar. Həqiqətən də tarixi bir gündür. İnsanlarımızda bu sevinci görərkən hansı hissləri keçirdiyimi təsvir edə bilmirəm. Çox gözəl axşamdır. Avropada böyük klub, kiçik klub yoxdur. Ağır oyun oldu. “Qarabağ” təmkinli, səliqəli oynadı. Qurban Qurbanov öz məharətini göstərdi. Çox böyük qürur hissi ilə buradan ayrılıram.

Klubuma inanıram. “Liverpul”u, “Roma”nı Bakıda görməyi çox istəyərdim. Artıq dünyada “Qarabağ”ı və Azərbaycanı tanıyırlar. Bunu əminliklə deyirəm. Böyük klubları burada gözləyirik”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43