Sabah “Qarabağ” Premyer Liqada “İnter”lə vacib qarşılaşmaya çıxacaq.
İdmanxeber.com-un klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, vacib görüşünə saatlar qalmış “Qarabağ” düşərgəsində xoş sürpriz yaşanıb. Belə ki daim komandanın yanında olan, ən həssas məqamlarda komandaya dəstəyini göstərən, inamını nümayiş etdirən “Qarabağ”ın vitse-prezidenti Tahir Gözel futbolçuları ziyarət edib. Komandanın təlim-məşq üçün yığışdığı otelə gedən Tahir bəy görən komandanın baş məşqçisi Qurban Qurbanov və kapitan Rəşad Sadıqov təəccübləniblər. Vitse-prezidentin ani gəlişini xoşhallıqla qarşılayan baş məşqçi və kapitan Tahir bəyin ziyarətindən məmnuniyyətlərini ifadə ediblər. Sürpriz dəstək ziyarətində T.Gözəllə çay süfrəsindəki sohbət 1 saat davam edib. Klub rəsmisi komandanın son durumu ilə maraqlanıb və mövcud durumla bağlı ətraflı bilgi alıb. Sabah “İnter”lə qarşılaşacaq komandaya inandığını bildirən Tahir bəy, “Qarabağ” camiəsinin bu günlərdə bütünləşdiyini və ən böyük uğurları gözlədiyini ifadə edib. Sabahkı oyunda da “Qarabağ”a uğurlar arzulayıb. İşlərinin çoxluğuna baxmayaraq Tahir bəy oteldən ayrılaraq dərhal Suraxanıya yollanıb. O, Suraxanı qəsəbə stadionu ərazisində “Qarabağ”ın yeni bazasının – otel inşaatının tamamlama mərhələsiylə tanış olub. İnşaatla yaxından tanış olan T.Gözəl tamamlama prosesinin daha da sürətləndirilməsni tövsiyə edib.