“Qarabağ”ın vitse-prezidenti Tahir Gözəl Avropa Liqasının qrup mərhələsində səfərdə “Tottenhem”ə uduzduqları görüşdən (1:3) sonra müsahibə verib.
– Komandanız çətin London səfərindən xalsız qayıdır. Oyun haqqında nə deyə bilərsiz?
– Qarşımızdakı rəqib böyük komanda idi. Rəqibin heyətində matçın sonlarına yaxın meydana çıxan 10 nömrəli futbolçularının (Hari Keyni nəzərdə tutur – red) 60 milyon avro qiyməti var. Bütün bunlara baxmayaraq, “Qarabağ” rəqibin adından çəkinmədən gözəl oyun sərgilədi və bizim qürurumuzu ucaltdı. Bir söz də deyim ki, rəqibin ilk qolu çox axmaq bir qol idi. Qapımıza vurulan həmin topdan sonra komandamız bir az özünü itirdi. Hesab edirəm ki, “Qarabağ”ın dəstəyə ehtiyacı var. Sabah (bu gün) komandamız Azərbaycana qayıdır. Bütün xalqımız bir olub, cavab matçında onlara öz gücümüzü göstərməliyik.
– Yəni “Qarabağ”ın oyunundan razı qaldınız?
– Çox razı qaldım. Komandamla fəxr edirəm ki, belə rəqiblə canla-başla oynayıb, matçda ürəklərini qoydular. Tahir Gözəl olaraq “Qarabağ”la qürur duyuram.
– İlk matçda uduzsanız da, hələ də şansınızın olduğunu söyləmək olar?
– Təbii ki. Amma çox çətin qrupa düşmüşük. “Qarabağ” bu qrupda nəsə edə bilsə, “ölümsüz” olacaq. Çünki bu çətin işin mükafatı odur. “Tottenhem”lə oyunda mən özünə güvənən, taktika ilə oynayan, qorxmaz “Qarabağ” gördüm. Ona görə də çalışacağıq ki, daha yaxşı nəticələr qazanaq.
– Belə bir çətin qrupda “Qarabağ”ın qarşısına hansısa bir hədəf qoyulubmu?
– Qurban Qurbanovun bütün istəklərini yerinə yetirdik. Yeni futbolçular komandaya qoşuldu. Yəni, bütün imkanlarımızdan istifadə edirik ki, “Qarabağ”ı daha böyük yerlərə aparaq. Cavab matçında da hər şeyin ən yaxşısını etməyə çalışacağıq. Hədəfimiz qazanmaq və qrupdan çıxmaqdır. Bütün Azərbaycan xalqını ev oyunlarında stadiona dəvət edirəm.
qol.az