Müsahibə

Tahir Gözəl: “Qara Qarayevi kiçik yaşlarından biz böyütmüşük”

Bu gün Azərbaycan kubokunun yarımfinal mərhələsinin ilk oyunları çərçivəsində “Qarabağ” səfərdə “Neftçi”ni 2:0 hesabı ilə məğlub edib.

Matçdan sonra jurnalistlərə müsahibə verən “Qarabağ” klubunun vitse-prezidenti Tahir Gözəl idmanxeber.com-un əməkdaşının suallarını da cavablandırıb:

– Gözəl və maraqlı bir oyun izlədik. Vurduğumuz 2 qol bizə növbəti oyunda daha da üstünlük gətirəcək. Oyunun tempi çox yüksək idi. Məğlub olmasına baxmayaraq, “Neftçi” də çox çalışdı. Əsas heyət oyunçularımızdan bir neçəsi oyunda iştirak edə bilməsə də, mən komandanın oyunundan razı qaldım.

– Artıq “Qarabağ”ın finala vəsiqəni təmin etdiyini düşünmək olarmı?

– Yox. Mən futbolda belə bir şeyi deməyə heç vaxt cəsarət etmərəm. Bu matçın cavab qarşılaşması da keçiriləcək. Doğma meydanda oynayacağıq. Bu da bizə üstünlük verəcək. Azarkeşlərimizi oyuna dəvət edirəm.

– “Qəbələ” də “İnter”i səfərdə 3:1 hesabı ilə məğlub etdi. Finalda da qarşılaşmaq şansınız var. Bu barədə nə düşünürsüz?

– Doğurdan da çox maraqlı olacaq. Həm çempionatda, həm də kubokda mübarizə aparacağıq. Maraqlı oyun olacaq.

– Əgər finala yüksəlsəniz, həlledici görüş Naxçıvan MR-də olacaq. Sizcə, bu, komandaya necə təsir edəcək?

– Doğurdan? Mən bunu indi bildim. Belədirsə, o zaman Naxçıvanda görüşərik (gülür).

– Millinin heyətində keçirdiyi son oyundan sonra Qara Qarayevə Avropa klublarından təklif gəldiyi söylənilirdi. Əgər belə bir təklif olsa Azərbaycan futbolu naminə Q.Qarayevi az məbləğ qarşılığında satarsınızmı?

– Mənim bu barədə də məlumatım yoxdur. Təklifə gəlincə, bu barədə Qurban müəllimin də fikirlərini öyrənmək lazımdır. Əgər Qurban müəllim razılıq verərsə satarıq. Mənim şəxsi fikrimə görə, Q.Qarayev xaricə getmək və orada inkişaf etmək şansı olarsa, bu keçid “Qarabağ”a mənfi təsir göstərməyəcəksə, dəstəkləyərəm. Amma “Qarabağ”a mənfi təsir etməmək şərti ilə.

– Sizcə, Qara Qarayev Avropanın “TOP-5” çempionatlarında oynamaq gücündədirmi?

– Qarada mötəşəm istedad var. Məncə, o, bunu bacaracaq. Amma bilirsiz ki, bəzən elə olur bir futbolçu başqa kluba keçdikdə nəticə verə bilmir, digərinə keçdikdə isə yaxşı oynayır. Bilirsiz, Qaranı kiçik yaşlarından biz böyütmüşük. “Qarabağ”ı düşünəndə belə bir futbolçunu itirmək istəmirik. Amma o, Avropanın aparıcı klublarına keçə bilərsə və bu, ona xeyir verəcəksə, bu keçidə əngəl olmayacağıq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43