Misli Premyer Liqasının 2024/25 mövsümünün ilk het-triki qeydə alınıb.
İdmsnxeber.az PFL-in saytına istinadən xəbər verir ki, bu, 1-ci turun “Zirə” – “Səbail” oyununda (4:1) gerçəkləşib. Davit Volkov birinci hissədə üç qol vurub.
Gürcüstanlı hücumçu bununla da Azərbaycan çempionatları tarixinə düşüb. O, ən çox het-trik edən legioner adına yiyələnib.
“Zirə”də ikinci dəfə belə uğura imza atan Volkov “Sabah”ın heyətində də bir het-trik müəllifi olub. Üç het-trikə imza atan ilk legioner kimi tarixə düşən gürcüstanlı hərəyə iki dəfə fərqlənən Əhməd Ticani, Junivan Suares, Anatoli Doroş, Bahodir Nasimov və Reynaldo Silvanı arxada qoyub.