26 Fevral 2024
Kateqoriyasız

“Tauras”ın prezidenti bizə danışdı: “Maliyyə problemimiz olur” – MÜSAHİBƏ

Azərbaycanlı futbolçu, legioner həyatı yaşayan İlqar Nəbiyevin şərəfini qoruduğu Litvanın "Tauras" klubunun prezidenti Janius Setkus İdmanxeber.com saytına eksklüziv müsahibə verib.

– İlqar necə futbolçudur?

– Pis deyil, yaxşıdır. Futbol oynaya bilir, amma Moldovada kiçik zədəsi olub deyəsən. İndi pis deyil, formaya düşmək üçün üzərində daima çalışır, amma hesab edirəm ki,  optimal forma yığması üçün bir neçə həftəyə ehtiyacı var.

– Səhv etmirəmsə, Nəbiyev yeni klubunun heyətində 2 görüş keçirib.

– Bir dəfə ikinci hissədə çıxıb, bir dəfə də əsas heyətdə oynayıb. İlqara ümüdlərim çoxdur. Ümid edirəm ki, klubun düşdüyü vəziyyətdən xilas olmağa yardımcı olacaq.

– "Tauras"ın çempionata o qədər də uğurlu başlamayıb. Klubun Litva çempionatındakı məqsədlərini bilmək olar?

– Hə, keçirdiyimiz 2 görüşdə də meydanı məğlubiyyətlə tərk etmişik. Biim məqsədimiz sonuncu yeri tərk etməkdir. Autsayder imicindən qurtulmaq istəyirik. Amma bizdən asılı olmayan səbəblər də var. Yəni maliyyə vəziyyətimiz çox ağırdı.

– Litvada nədənsə futbola o qədər də böyük həvəs yoxdur

– Bizdə sahibkarlar futbola maliyyə ayırmağa maraqlı deyillər. Bu idman növü onların maraq sahəsində deyil. Ona görə də maliyyə problemimiz olur.

– Bəs, dövlət futbolun inkişafına dəstək verirmi?  

– Dövlət ümumiyyətlə bu işlərə qarışmır. Bizdə idmanın inkişafına azad sahibkarlar dəstək olur. Onlarında futbola marağı yoxdur. Bizim çempionatda yalnız 5 klubun maliyyə durumu yaxşıdır, digər klublar böhran keçirir.

– Azərbaycan Premyer Liqası haqda maraqlanırsız?

Sözün düzü o qədər də maraq dairəmdə deyil. Amma bəzən internet vasitəsi ilə məlumatlar əldə edirəm. Bildiyimə görə Kalonas sizdə oynayır. Səhv etmirəmsə "Bakı" klubunun formasını geyinir.

İlqar Vəliyev


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43