İdman

Teqbol üzrə ilk Azərbaycan Kuboku start götürür – Püşkatma

Dekabrın 21-də teqbol üzrə ilk Azərbaycan kubokunun püşkatma mərasimi keçirilib. Bakıda “Piano” oteldə baş tutan tədbirdə yeni yaradılan Azərbaycan Teqbol Federasiyasının rəsmiləri əvvəlcə yarış iştirakçılarını bu oyunun qaydaları ilə tanış edib. Teqbol idman növünün nədən ibarət olduğunu, necə oynanıldığını göstərən videorolikin nümayişindən sonra püşkatma mərasiminə start verilib.
Püşkatmanın nəticəsinə əsasən A qrupunda “Gənclərbirliyi 1”, “Sabirabad”, “Xilə”, B qrupunda “Gənclərbirliyi 2”, “Marafon”, “Bakı”, C qrupunda “Gənclərbirliyi 3”, “Meqa”, “Adaş”, D qrupunda “Keşlə”, “MOİK”, “Qarabağ” komandaları mübarizə aparacaqlar. Hər qrupda ilk sıranı tutan komandalar növbəti mərhələyə vəsiqə qazanacaqlar. Turnirin 1/4 finalında müvafiq olaraq A qrupunu lider kimi başa vuran kollektiv B qrupunun ikincisi, B qrupunun lideri isə A qrupunun ikincisi ilə üzə-üzə gələcək. Eyni qayda C və D qruplarındada tətbiq ediləcək.
Qeyd edək ki, Azərbaycan kuboku yarışı dekabrın 22-23-də “Marafon” idman klubunda keçiriləcək.
Turnirin qalibinə və yarımfinala vəsiqə qazanan bütün komanlara pul mükafatları, kubok, medal və diplomlar təqdim ediləcək. Yarışın bütün iştirakçıları sertifikatla təmin olunacaqlar.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43