Bu gün Yaponiyanın paytaxtı Tokioda Yay Olimpiya Oyunlarının açılış mərasimi keçiriləcək.
İdmanxeber.az-ın məlumatına görə, tədbir Bakı vaxtı ilə saat 15:00-da başlayacaq. Mərasim “İdman” TV kanalından canlı yayımlanacaq.
Koronavirus pandemiyası səbəbindən ötən il təxirə salınmış Oyunlar sayca 32-ci olacaq. Olimpiadanın bəzi yarışları iki gün öncədən başlasa da, rəsmi açılış mərasimi bu gün olacaq.
Yay Olimpiya Oyunlarında 206 ölkədən ümumilikdə 11 mindən çox idmançı iştirak edəcək. “Discover Tomorrow” (“Sabahı kəşf et”) şüarı ilə təşkil olunacaq olimpiadanın açılışı Yaponiya Milli Stadionunda olacaq.
Yarışlar koronavirus pandemiyası səbəbindən azarkeşsiz keçiriləcək. Oyunlar 41 fərqli idman obyektində təşkil olunacaq.
Oyunlarda ilk dəfə kişi və qadın olmaqla, iki bayraqdar olacaq. Azərbaycan yığmasında bu funksiyanı cüdoçu Rüstəm Orucov və taekvondoçu Fəridə Əzizova yerinə yetirəcək.
Azərbaycan 7-ci dəfə Yay Olimpiya Oyunlarında iştirak edəcək. Tokio olimpiadasında Azərbaycanı ümumilikdə 44 idmançı təmsil edəcək. Lisenziyaların 9-u cüdo, 7-si güləş, 5-i bədii gimnastikanın qrup hərəkətləri üzrə komanda, 1-i fərdi çövnövçülük, 5-i boks, 3-ü karate, 2-si atletika, 2-si üzgüçülük, 2-si taekvondo, 2-si idman gimnastikası, 1-i güllə atıcılığı, 1-i şosse velosipedi, 1-i qılıncoynatma, 1-i badminton, 1-i triatlon, 1-i stend atıcılığı (vayld-kart) növlərində qazanılıb:
- Anna Skidan (Atletika – çəkicatma)
- Maksim Şemberev (Üzgüçülük – 400 m qarışıq)
- Mariya Stadnik (Qadın güləşi – 50 kq)
- Şərif Şərifov (Sərbəst güləş – 97 kq)
- Zöhrə Ağamirova (Bədii gimnastika – çoxnövçülük)
- Yelizaveta Luzan (Bədii gimnastika – qrup çoxnövçülük)
- Darya Sorokina (Bədii gimnastika – qrup çoxnövçülük)
- Məryam Səfərova (Bədii gimnastika – qrup çoxnövçülük)
- Ləman Əlimuradova (Bədii gimnastika – qrup çoxnövçülük)
- Zeynab Hummatova (Bədii gimnastika – qrup çoxnövçülük)
- Marina Nekrasova (İdman gimnastikası – qadınlar çoxnövçülük)
- İvan Tixonov (İdman gimnastikası – kişilər çoxnövçülük)
- Ruslan Lunyov (Güllə atıcılığı – 25 m məsafəyə kiçikçaplı tapançadan atəş açma)
- Elçin Əsədov (Velosiped idmanı – şosse)
- Milad Beigi Hərçəqani (Taekvondo – 80 kq)
- Nazim Babayev (Atletika – üç təkanla tullanma)
- Tayfur Əliyev (Boks – 57 kq)
- Hacı Əliyev (Sərbəst güləş – 65 kq)
- Hacımurad Hacıyev (Sərbəst güləş – 74 kq)
- İslam Abbasov (Yunan-Roma güləşi – 87 kq)
- Anna Başta (Qılıncoynatma – sablya)
- Elis Manolova (Qadın güləşi – 68 kq)
- Rafiq Hüseynov (Yunan-Roma güləşi – 77 kq)
- Fəridə Əzizova (Taekvondo – 67 kq)
- Rafael Ağayev (Karate – 75 kq)
- İrina Zaretska (Karate – +61 kq)
- Edi Reski Dviçayo (Badminton)
- Kəramət Hüseynov (Cüdo – 60 kq)
- Orxan Səfərov (Cüdo – 66 kq)
- Rüstəm Orucov (Cüdo – 73 kq)
- Murad Fətiyev (Cüdo – 81 kq)
- Məmmədəli Mehdiyev (Cüdo – 90 kq)
- Zelim Kotsoyev (Cüdo – 100 kq)
- Uşangi Kokauri (Cüdo – +100 kq)
- Aişə Qurbanlı (Cüdo – 48 kq)
- İrina Kindzerska (Cüdo – +78 kq)
- Rostislav Pevtsov (Triatlon)
- Cavid Çələbiyev (Boks – 63 kq)
- Lorenso Sotomayor (Boks – 69 kq)
- Alfonso Dominges (Boks – 81 kq)
- Məhəmməd Abdullayev (Boks – +91 kq)
- Firdovsi Farzaliyev (Karate – 67 kq)
- Emin Cəfərov (Stend atıcılığı) – vayld kart
- Məryəm Şeyxəlizadə Xanqan (Üzgüçülük) – universal vəsiqə.
Yay Olimpiya Oyunlarına avqustun 8-də yekun vurulacaq.