Bir reklamın altında yatan məna
Fotoqraf şəkil çəkir, onları satır bunun əvəzində pul qazanır, amma xoşbəxt deyil. Restoran adminstratoru işləyir, bunun qarşılığında maaş alır, amma xoşbəxt deyil. Bərbər seçdiyi işlə məşğuldur, bunun qarşılığında ailəsi üçün çörək pulu qazanır, amma xoşbəxt deyil. Onlar “Topaz”ın oyun salonuna daxil olur və elə ki, futbol oyunlarına proqnoz verirlər ar üzlərində təbəssüm yaranır. Bu “Topaz” oyunlarına çəkilmiş yeni reklamın sözlə ifadə formasıdır. İlk baxışda sadə görünən bu mənzərənin altında dərin mənanın olduğu diqqət çəkmir.
Bu reklama baxan şəxsdə seçdiyi peşə ilə məşğul olmaqdansa, sağlam həyat tərzi sürərək halla yolla pul qazanmaqdansa, futbol komandaları barədə bir az məlumat toplayıb, sonra da proqnoz verərək, asan qazanc əldə etmək həvəsi yaradır. Reklamların təsir gücünü nəzərə alsaq, bu elə də çətin görünmür. Saatlarla saç kəsmək, ya da insanlara qulluq etməkdənsə, iki-üç manat pul verərək, zəngin olmaq kimə xoş gəlməz? Əlbəttə, bu oyunların insanları aldatması bir tərəfə, insanların halal zəhmət, əziyyət çəkərək pul qazanmaq vərdişlərindən uzaqlaşdırır. İstər reklamda canlandırılan peşə, istərsə də digər zəhmətli işlərdə çalışanların bu reklama baxdıqdan sonra işini atıb “Topaz” a getməsi təəccüblü deyil. Əlbəttə, bu gedişlərin sonu əsasən peşmançılıqla nəticələnir. Üstəlik, reklama yalnız peşə sahibləri deyil, xarakteri formalaşmaqda olan yeniyetmələr,uşaqlar da baxır. Onlar isə hələ əmək vərdişləri formalaşmadan artıq əziyyətsiz qazanmaq həvəsinə düşürlər. Təhsil almaq, peşəyə sahib olmaq vərdişləri əhəmiyyətini itirir. Bu reklamın altında yatan məna ölkədəki təhsil xidmətləri və bu sahəyə yatırılan xərcləri də əhəmiyyətsiz edir.
“Avropa ölkələrində qumar oyunları reklam edilmir”
Azərbaycan Reklamçılar İttifaqının prezidenti Hacıəmi Atakişiyevin sözlərinə görə, bu yalnız aldadıcı reklamdır. Çətin vəziyyətdə yaşayan insanları aldatmağa hesablanmış bir addımdır. “Buna aldananlar qazanacağı ümidi ilə əlindəki son manatını da bura yatırır. Bu cür reklamla bir çoxlarını qazanmağa meylləndirir. Amma nəticədə pul yatıran yox, kampaniyanı aparan insan qazanır, xoşbəxt olur. Bu düzgün olmayan ideologiyadır, insanları cəlb edir. Təxminən 9.5 milyon əhalinin 1 milyonu gündə bir manat pul yatırsa, “Topaz” gündəlik bir milyon manat qazanacaq. Bu məbləğin isə kiçik bir hissəsi reklamlara və kiçik məbləğli uduşlara xərclənir”.
H.Atakişiyevin sözlərinə görə, “Reklam haqqında qanun”da da, bu cür çaşdırıcı reklamların verilməsi göstərilib. Amma buna qarşı hər hansı tədbir görülməsi üçün qanunvericilik bazası yoxdur: “Reklam haqqında qanun məcəlləsi yoxdur. Ona görə də bu məsələnin məcəllə ilə həll edilməsi müəyyən edilməyib. Reklam haqqında yeni qanun hazırdır. Həmin qanunda bir sıra yeniliklər olacaq, bu məsələlərin yönləndirilməsi mümkün olacaq. Bu qumardır, bunu reklam edib, ictimaiyyətə təbliğ edilməsi düzgün deyil. Bundan başqa, islamı dəyərlərinə görə bu oyunlar qadağandır, nə Avropa ölkələrində, nə də ABŞ-da bu cür qumar oyunları reklam edilmir”.
“Bu da onları uçuruma aparır”
Psixoloq Vəfa Rəşidovanın sözlərinə görə, bu cür reklamlar yalnız asan yolla pul qazanmağı təbliğ edir: “Bu reklamlara yeniyetmələr, uşaqlar baxır. Onlar oyun oynayaraq daha rahat yolla pul qazanacaqlarını düşünürlər. Amma bu sadəcə görüntüdür. Sonradan uduzurlar, gözləntiləri özünü doğrultmur. “Topaz”da uduzduğuna görə, depressiyaya düşən, intihar edən, ailə üzvlərinə basqı edən, oğurluğa əl atanlar az deyil. Çünki istədikləri məbləği əldə edənə qədər mübarizə aparır, hətta evlərində əşyaları belə satırlar. Bu cür oyunların reklamı yeniyetmələrə xüsusən pis təsir edir, ailə ilə problem yaşayırlar”. Psixoloqun sözlərinə görə, bu cür oyunların reklam kimi təqdim edilməsi onun dəstəkləndiyini göstərir. Ona görə də daha çox təsir edir: “Yeniyetmələr düşünür ki, televiziyada reklam edilirsə, demək normaldır. Ona oyun kimi baxırlar, əslində isə bu oyun kimi təqdim edilən qumardır. Sadəcə oyun fonu yaradılır. Bu oyuna əl atanlarda məsuliyyət hissi azalır. Asan yolla pul qazanmağa meylli olurlar. Xüsusən də, ətrafındakılar “Topaz” oynayırsa, bu zaman yeniyetmələr asanlıqla bu yola əl atırlar. Bu yolla da məqsədsiz nəsil yetişir və bu da onları uçuruma aparır”.
Ekspertlərin də dediyi kimi, bu, oyun deyil, qumardır. Qumarın televiziyada reklamı bir tərəfə, onun uşaqların izləmədiyi saatlarda verilməsi belə təmin edilmir. Baxmayaraq ki, içki və siqaretin reklamında illərdir saat məhdudiyyəti qoyulub. Amma ölkədə nə qumar oyunlarının reklam edilməsi, nə də onlara qarşı tədbirlərin görülməsi ilə bağlı qanunvericilik bazasının olmaması problemin həllində əsas maneədir.
(Mövzunu diqqətdə saxlayacağıq) Publika.az