“Xəzər Lənkəran”ın baş məşqçisi Con Bencamin Toşak komandamızın hazırlığı və qarşıdakı “Neftçi” ilə oyun haqda fikirlərini bildirib.
Klubun saytına açıqlamasında o qeyd edib ki, hazırda məşqlər davam edir və qarşıda onları çox çətin bir oyun gözlədiyir.
“Neftçi” ilə matçın bu camiə üçün nə qədər önəmli olduğunu bütün komanda anlayır. Futbolçuların məşqlərdə daha da istəklə çalışması, qələbə istəyi məni sevindirir. Bu oyunda qazanılacaq qələbə bizi uğursuzluq zolağından çıxarmaqla yanaşı komandanın özünə olan inamını da artıracaq. Buna görə də belə imkanı əldən buraxaraq azarkeşləri daha da üzməyi qətiyyən düşünmürük. Etiraf edim ki, komandamız çempionata tam hazır deyil. Qısa toplanış keçirməyimiz, toplanış zamanı bəzi futbolçuların zədələnməsi və ardıcıl səfərlər bizə müəyyən qədər problem yaratdı. İndi qətiyyən məsuliyyətdən qaçmaq olmaz və istənilən halda nəticəyə mən cavabdehlik daşıyıram. Heç kəs deməyəcək Toşak “Real”da çalışıb və filan uğuru qazanıb. Hamı deyəcək ki, Toşak “Makkabi”yə böyük hesabla məğlub olub. Yəni, futbolda son oyuna görə mühakimə olunursan. Odur ki, mənimlə birgə futbolçularımız da hər qarşıdakı oyuna daha böyük məsuliyyətlə yanaşmalıdır. Komandamıza yaxın günlərdə bir neçə futbolçu qatılacaq ki, artıq transfer pəncərəsi bağlanandan sonra biləcəyik ki, əlimizdə necə və hansı formada material var. “Qarabağ”la matçın ikinci hissəsində göstərilən oyun şəxsən məni çox ümidləndirdi. Belə düşünürəm ki, qarşıdakı günlərdə komandamız tam istədiyimiz formada olacaq”.