Kateqoriyasız

Toşakdan Melkioreyə: “Bax mən bunu deyirdim”

Topaz Premyer Liqasının VI turu çərçivəsində sentyabrın 14-də “Bakı” klubunu “Fırtınalar meydanı”nda qəbul edəcək “Xəzər Lənkəran” sentyabrın 9-da doğma şəhərə qayıdıb.”Ağ-yaşıllar” saat 18:00-da stadionun yardımçı meydançasında məşqə çıxıb.

İsinmə hərəkətlərini Emin Quliyevin rəhbərliyində edən futbolçular daha sonra baş məşqçi Con Toşakın rəhbərliyində iki tərəfli oyunda qüvvələrini sınayıblar. İki tərəfli oyunda Toşak müdafiəçilərin daim arxada qalmasını və hücumlara qoşulmamasını istəyib. Fiiki hazırlıq üzrə yeni məşqçi Covanni Melkiore kənarda duraraq bütün bunları seyr edib.

İkitərəfli oyun zamanı qəribə bir hadisə yaşanıb. Belə ki, ardıcıl 40-dəqiqə ərzində qapılara qol getməyib. Bəzən hətta boş qapılara göndərilən toplar da qapı dirəklərinə tuş gəlir və ya ağlasığmaz trayektoriya ilə qapıdan aralı keçirdi. Bunu görüncə təəssüf dolu heyrətini gizlədə bilməyərək başını tutub kənara çəkilən Con Toşak üzünü köməkçisi Covanni Melkioreyə tərəf çevirərək belə deyib: “Bax mən bunu deyirdim, sanki komandanı ovsunlayıblar. Bizim yeganə problemimiz qol vura bilməməyimizdədir. Mən bunu deyirdim sənə”.

İki tərəfli oyun bitdikdən sonra futbolçular Melkiorenin sərəncamına keçiblər. Fiziki hazırlıq üzrə mütəxəssis 3-günlük istirahətin ardından ağır məşqdə yorulan komanda üzvləri ilə xüsusi fiziki hərəkətləri tətbiq edərək bərpa məşqini keçib.

Qeyd edək ki, “Xəzər Lənkəran” – “Bakı” qarşılaşması sentyabrın 14-də saat 19:00-da Lənkəran şəhər stadionunda keçiriləcək.



12cioyuncu.info 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43