27 Fevral 2024
İdman

“Tour d’Azerbaidjan-2014”-də ikinci mərhələ geridə qaldı

Bu gün “Tour d’Azerbaidjan-2014” veloyürüşünün ikinci mərhələsi keçirilib. 

İdmanxeber.com-un məlumatına görə, 25 komandanın iştirakı ilə təşkil olunan yürüşdə idmançılar saat 10:30-da Velosiped Parkından start götürməklə Böyük Qafqaz sıra dağları istiqamətinə yola düşüblər və İsmayıllı rayonunadək 187 km məsafə qət ediblər.

Mərhələnin qalibi İsmayıllıdakı Heydər Əliyev Mərkəzinin qarşısında müəyyənləşib. Finiş xəttini birinci Sloveniyanın “Adria Mobil” komandasının üzvü Primoz Roqliç keçib – 4 saat, 55 dəqiqə, 2 saniyə. Ondan 1 saniyə geri qalan avstaliyalı Uilyam Klark (“Drapak Professional Cycling”) 2-ci, finişi liderdən 9 saniyə gec keçən italiyalı Rafael Andriato (“Neri Sottoli”) 3-cü olub.

“Synergy Baku” komandasının üzvlərindən ən yaxşı nəticəyə Aleksandr Surutkoviç imza atıb – o liderə 15 saniyə uduzmaqla 28-ci olub. Klark ümumi hesabda liderliyi ələ alıb və göy köynəyə sahib çıxıb. Roqliç ən yaxşı dağ yürüşçüsü kimi qırmızı, sloveniyalı Matey Muqerli isə (“Adria Mobil”) ən yaxşı sprinter kimi yaşıl köynəyə yiyələnib. Ən yaxşı gənc velosipedçi üçün nəzərdə tutulan ağ-bənövşəyi köynək isə isveçli Fredrik Ludviqssona (“Development Team Giant-Şimano”) verilib.

“Bu qələbə mənim üçün böyük əhəmiyyət kəsb edir” – bu sözləri ikinci mərhələnin qalibi, sloveniyalı Primoz Roqliç deyib. O mətbuat konfransında qələbəsinə belə şərh verib: “Karyeramda ilk qələbəmi qazandım. Dağ finişini ötdükdən sonra qalib gələcəyimə əminlik yarandı”.

“Tour d’Azerbaidjan-2014” veloyürüşündə ümumi hesabda liderliyə yüksələn avstraliyalı Uilyam Klark isə uğurunu belə dəyərləndirib: “İstərdim ki, liderin daşıdığı göy köynəyi özümdə mümkün qədər çox saxlayım. Axşam yaxşı istirahət edib, buna nail olmağa çalışacam. Azərbaycana ilk dəfə gəlirəm. Yarış əladır. Mən burada olmaqdan həzz alıram”.

“Tozlu ilk gündən sonra belə mənzərəli yerdə mübarizəyə şahidlik etmək çox maraqlı idi”. Azərbaycan Velosiped İdmanı Federasiyasının vitse-prezidenti Sahib Ələkbərov 2-ci mərhələ ilə bağlı fikirlərini bölüşərkən belə deyib: “Bu yarış ikinci dəfədir indiki adı ilə keçirilir. Düşünürəm ki, iki mərhələnin yekununa əsasən bütün tələbləri yerinə yetirmişik. Qarşıdakı günlərdə daha mənzərəli yerlərdə mərhələlər olacaq. Son mərhələ isə Bakıda keçiriləcək və həmin gün daha yaxşı hava olacaq”.

Mətbuat konfransında iştirak edən Avropa Velosipedçilər İttifaqının fəxri baş katibi Ronald Hofer Azərbaycanda gördüklərindən razılıqla danışıb: “Mən Azərbaycana ilk dəfə gəlirəm. Yarış çox əla təşkil olunub. Yarışın kateqoriyası 2.1-dir, amma gələcəkdə daha da yüksələ bilər. Otellər əla, yollarda təhlükəsizlik çox gözəldir. Əminəm ki, gələcəkdə bu yarışda “Pro” komandaları da iştirak edəcək. Bu yaxınlarda Türkiyədə belə yarışda iştirak edirdim. Çox gözəl idi. Onlarda yarışın 50 illik tarixi var. Azərbaycan isə buna son 2 ildə nail olub”.

Qeyd edək ki, yarışın 3-cü günündə iştirakçılar Qəbələdən start götürərək, Oğuzdan keçməklə Şəkiyə yollanacaq, oradan isə yenidən başlanğıc nöqtəyə (180 km) qayıdacaqlar.

(AVİF mətbuat xidməti)


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43