27 Fevral 2024
Ölkə futbolu

Tural Axundov: “Daha yaxşı olmaq üçün çalışacağam”

“Simurq” Peşəkar İdman Klubu mövsümün sonunda müqaviləsi başa çatacaq olan Tural Axundovla yeni iki illik müqavilə imzalayıb. 26 yaşlı futbolçunun bununla bağı fikirlərini klubun rəsmi saytı ilə bölüşüb, komanda və özü haqqında bir neçə sualları cavablandırıb.

– İlk öncə təbrik edirik. Artıq bir ildən artıqdır komandadasan. Bununla bağlı fikirlərini bilmək istərdik.

– Məşqçilər və klub rəhbərliyi sağ olsun ki, məni bu komandaya dəvət etmişdi. Qeyd etdiyiniz kimi artıq bir ildən çoxdur “Simurq”dayam. Bu qərarıma görədə heç bir vaxt peşman olmamışam. Öz növbəmdə oyunumla bu qərarlarının düzgün olduğunu göstərmək üçün hər oyunda özümü doğrultduğumu hesab edirəm. Bundan sonrada daha yaxşı olmaq üçün çalışacağam.

– Bu müddəti özün üçün necə dəyərləndirərdin?

– Düzünü deyim keçən mövsüm elə də davamlı olaraq yaxşı oyun nümayiş etdirə bilmədim. İlk vaxtlarda komandaya və Zaqatalaya uyğunlaşmağa çalışdım. Daha sonra arada zədələrim oldu. Ancaq sonrada məşqçinin və komandanın taktikasına uyğunlaşdım. Bu mövsüm şükürlər olsun ki, oyunumdan razıyam. İnşallah, zədəsiz bir mövsüm olar mənimçün. Komandamızın uğur qazanması üçün də üzərimə düşən işin öhdəsindən layiqincə gələrəm.

– “Simurq”un hazırda çempionatdakı vəziyyəti haqqında nə deyərdin?

– Geridə qalan on iki turda çox lazımsız xallar itirdik. “Bakı”, “Qəbələ” oyunlarında məğlub olmamalıydıq. “Xəzər Lənkəran”la səfərdə keçirdiyimiz qarşılaşmada rəqibdən yaxşı oynasaqda, bəxtimiz gətirmədiki ordan xalla qayıdaq. Bu görüşlərdəki nəticələrimiz mövsümün sonuna qədər bizə mane olacaq. Əgər hər şey istədiyimiz kimi olsa idi, indi turnir cədvəlinin ilk üçlüyündə bizdə var idik. Ancaq hələ şanslarımız var. Hazırda dördüncü pillədəyik. İnşallah, qarşıdakı oyunlarda maksimum nəticə göstərib, sonda istəyimizə nail olacayıq. Heç bir çəkilən əziyyət qarşılıqsız qalmır. Hər şey öz əlimizdədir. Allahın köməkliyilə sonda sevinən tərəflərdən biridə biz olacayıq.

– Növbəti rəqib “Qəbələdir”. Bu oyunla bağlı düşüncələrin nədir?

– Hər bir komanda öz meydanında daha güclü oyun nümayiş etdirir. Biz mövsümün əvvəlindən hər qarşılaşmaya yalnız üç xal qazanmaq üçün çıxırıq. “Neftçi” qalibiyyətindən sonra komandada əhval-ruhiyyə yüksək səviyyədədir. Bunun davamını gətirmək istəyirik. Bilirik ki, bizi çətin oyun gözləyir. Ancaq bir heç bir rəqibdən çəkinmirik. İnanıram ki, Qəbələdən üç xalla qayıdıb, turnir cədvəlindəki iddiamızı bir daha nümayiş etdirəcəyik.

– “Simurq”un heyətində azarkeşlərin ən çox sevdiyi futbolçulardan biri də sənsən. Bu barədə nə deyərdin?

– Azarkeşsiz futbolun marağı yoxdur. Onlar hazırda ölkədə bir nömrədir. Hər bir qələbəmizdə böyük pay sahibləridir. Yalnız oyunlarda deyil, məşqlərdə belə gəlib bizi dəstəkləyirlər. Buna görə onlara təşəkkür edirəm. Mən də onları çox sevirəm. Hər birinə hörmətlə yanaşıram. Bizlər çalışırıq “Simurq” gözəl nəticələr qazansın və meydanda sevinən tərəf bizim azarkeşlərmiz olsunlar.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43