21 Sentyabr 2024
Ölkə futbolu

“Turan Tovuz”la müqaviləsi bitən futbolçu: “Hər oyunçu maaşının artmasını istəyər”

“Çox yaxşı və maraqlı mövsümü geridə qoyduq. Bütün klublar güclənib, hamının hədəfləri var. Daha yuxarı pillələr üçün şanslarımız var idi. Ancaq alınmadı. İki ildir Premyer Liqada mübarizə aparırıq. Zamanla düzələcək. Gələn mövsüm bundan da yaxşı olarıq”.

Bu sözləri İdmanxeber.az saytına “Turan Tovuz”un futbolçusu Ayxan Qüseynov mövsümü dəyərləndirərkən deyib. O, növbəti ildən Tovuz təmsilçisinin avrokubok hədəfi barədə belə danışıb:

“Bütün azarkeşlər, futbolçular komandanın avrokuboklara qatılmasını istəyər. Artıq bu mövsüm kimlərin vəsiqə qazandığı bəllidir. Bizim də şansımız var idi. Görünür, hələ tam hazır deyilik. Biz böyüməli, biraz da daha soyuqqanlı olmalıyıq. Növbəti mövsüm avrokuboklara qatılmaq istəyirik. Bunun müyyən qədər təzyiqi olsa da, normaldır”.

Klubla müqaviləsi sona çatan futbolçu rəhbərliklə danışıqların davam etdiyini bildirib:

“Klubla söhbət edirik. Danışıqlar gedir. Burada xoşbəxtəm. Azarkeşlər, rəhbərlik hər şey yaxşıdır. “Turan Tovuz”da qalmaq istəyirəm. Müəyyən məsələlər var ki, hələ dəqiqləşməyib. Hər futbolçu maaşının artmasını istəyər. Məncə, klub da mənim burada qalmağıma müsbət yanaşır”.

Həsən Quluzadə


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43