“Türkiyə millisinin qələbəsi hamımızı sevindirdi. Avstriya çox çətin rəqib idi. Deyərdim ki, Türkiyə Avropanın ən formada olan komandasını məğlub etdi. Rəqib çox dinamik futbol oynayır. Amma Türkiyənin istəyi, aqressivliyi bu qələbədə əsas rol oynadı. Rəqibə çox mane oldular, onlar bunu gözləmirdi. İlk dəqiqəki qol Avstriyanı təşvişə saldı. Daha sonra da Türkiyə millisi yaxşı müdafiə olundu. İrəlidə də sürətli əks-hücumlar edə biləcək futbolçular var”.
Bu sözləri İdmanxeber.az saytına “Şamaxı”nın baş məşqçisi Ayxan Abbasov Türkiyə yığmasının Avro-2024 1/8 final mərhələsində məğlub etdiyi Avstriya görüşü (2:1) barədə danışarkən deyib. O, daha sonra belə davam edib:
“Türkiyə üçün böyük qələbədi. Portuqaliya məğlubiyyətindən (0:3) sonra komandanın üzərində çox təzyiq var idi. Daha sonra Türkiyə Futbol Federasiya hətta ölkə rəhbərliyi komandaya dəstək oldular. Bu da Türkiyə millisinin ruhlanmasına səbəb oldu. Futbol belə oyundu. Böyük turnirlərdə bir məlubiyyət komandanı “sındıra” bilər. Amma bundan dərs çıxaranda işlər daha yaxşı olur.
Məncə, “ay-ulduzlular”ın yarımfinal mərhələsi şansları da var. Əgər Niderland yığmasına qarşı da bu templə oynasalar, nəticə qazanmaq olar. Hər şey özlərindən asılıdı. Türkiyə bu dinamikanı, aqressivliyi qorusa, yarımfinal həyəcanı yaşaya bilər”.
Həsən Quluzadə