Müsahibə Ölkə futbolu

“Türkiyə və Makedoniya klublarından təklif almışdım” – “Sumqayıt”ın futbolçusu

“Sumqayıt”ın futbolçusu Vüsal İsgəndərlinin idmanxeber.az saytına müsahibəsi

-“Turan Tovuz”a qalib gəldiniz. Oyun necə keçdi sizin üçün?

“Çox yaxşı çıxış etdik. Həm oyun olaraq, həm də nəticə biz istəyən kimi oldu. Bütün komanda xarakter göstərdi. Bunun sayəsində də 3 xal qazana bildik. Artıq daha inamlı və stabil çıxış etməliyik. Bizim yaxşı heyətimiz var. Komanda uğurlu nəticələr üçün olduqca istəklidir.

-Ötən tur “Zirə” ilə görüşdə hesabı siz açsanız da, məğlub oldunuz. Səncə, səbəb nə idi?

-Həmin oyunda ilk hissə çox yaxşı mübarizə apardıq. Kapitanımız Vurğun Hüseynovun zədələnməsi bizə çox təsir etdi. Onun ardından da elə künc zərbəsindən qol buraxdıq. İlk hissədəki yaxşı oyunla ikinci qolu vura bilsəydik, hər şey fərqli ola bilərdi.

-Hücumçu kimi öz performansını necə dəyərləndirirsən. Bombardirlik yarışından uzaq qalmısan…

-Əslində bu suala Samir Abasov cavab versə, daha yaxşı olar. Çünki oyunçuların necə oynadığını o, daha yaxşı bilər. Komanda qələbə qazansın, bombardirlik lazım deyil. Mənə fərqi yoxdu, hansı mövqeyə qoyulsam, orada da oynamağa hazıram.

-Yəni bombardirlik hədəfin yoxdur?

-Əsas hədəfim komandanın qələbə qazanmasına kömək etməkdir. İstər qol vuraraq, istərsə də assist edərək. Önəmli olan yaxşı oynamaqdır.

-Transfer dönəmində adın bir neçə klubla hallanırdı. Deyəsən, heç biri alınmadı…

-İstəyən komandalar var idi. Türkiyə və Makedoniya klublarından təklif almışdım. Müqavilə şərtlərində razılaşa bilmədik. Bu səbəbdən də alınmadı. Artıq bunlar geridə qalıb. Hazırda “Sumqayıt”dayam, bu komandanın uğuru üçün çalışıram. Formannın haqqını verməliyəm. Harasa getmədim deyə, həvəsdən düşəsi deyiləm. Daha çox çalışıb, inkişaf etmək lazımdır.

Həsən Quluzadə


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43