Müsahibə

Tuyqun Nadirov: “Camiə də həmişə komandanın yanındadı” (MÜSAHİBƏ)

“Xəzər Lənkəran”ın vitse-prezidenti Tuyqun Nadirovun müsahibəsi.

– Növbəti mövsüm üçün “Xəzər Lənkəran”ın büdcəsinin artırılacağı deyilir.

– Bu gün “Xəzər Lənkəran”da perspektivli oyunçular var. Ancaq zəif çıxış edənlər də var. Komandamız hər il iddialı olub. Növbəti mövsüm də istisna olmayacaq. İlin əvvəliylə müqayisədə vəziyyət daha yaxşıdı. Bizim əsas problemimiz FİFA-nın öhdəlikləriylə bağlıdı. Bunun üçün borclu olduğumuz futbolçularla daimi əlaqədəyik. Çalışırıq ki, kluba cəza gəlməsin. Əsas problemimiz budu. Yayda vəziyyətin daha yaxşı olacağı gözlənilir.

– Komandada baş məşqçi dəyişikliyi gözlənilir?

– Bu saat məşqçi dəyişikliyi gündəmdə deyil. Bu gün heyət cəhətdən güclənməliyik. Növbəti mövsüm daha iddiali “Xəzər Lənkəran” görəcəyik.

– Büdcə artırıla bilər?

– Son vaxtlar çox deyilir ki, guya “Palmali” kluba baxmaq istəmir. Bu, belə deyil. Bu yaxınlarda yeni bir neçə sponsorlarımızla tanış olacaqsız. Yeni partnyorlarımız olacaq. Klubun fəaliyyəti üçün hər cür şəraitimiz var.

– Klubun nə qədər borcu var?

– Bu gün konkret 600-700 min borcumuz var. Biz digər klublardan fərqli olaraq infrastruktur qurmuşuq. Bu gün şükür, nə stadionumuz bankda girovdadı, nə də ki, ciddi borcumuz var. Əlimizdən gələni edirik ki, klub yaşasın. Bu gün klubu müflisləşmədən qorumaq lazımdı.

– Bayaq yeni sponsorlardan danışdız. Komanda aşağı liqaya düşsə, bu sponsorlar kluba maraq göstərəcək?

– Bu gün “Nar mobile” bizimlə əməkdaşlıq etdikdən sonra satışda artım olduğunu dedilər. Biz sadəcə komanda yox, camiəyik. Camiə də həmişə komandanın yanındadı.

– Demək olar Elnur Cəfərov artıq “Xəzər Lənkəran”ın oyunçusu deyil?

– Bəli. Elnurun atası bizim komandada oynayıb. Elnur özü də bizim akademiyanın yetirməsidi. Bizim yetişdirdiyimiz oyunçunun İspaniyada çıxış etməsi bizim uğurumuz olacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43