“Xəzər Lənkəran”ın vitse-prezidenti Tuyqun Nadirov klubun gələcək taleyi barədə açıqlama verib.
İdmanxeber.com-un məlumatına görə, “Qafqazinfo”ya danışan klub rəsmisi “ağ-yaşıllar”ın hazırki durumda Premyer Liqaya qayıdışının mümkünsüz olduğunu bildirib.
Nadirov bunun səbəblərini belə izah edib: “Klubumuz yenə də Mübariz Mənsimovun diqqət mərkəzindədir. Lakin Azərbaycanda klub futbolu və çempionat bu durumda olduğu müddətdə əsas komandanın bərpası mümkünsüzdür. Əslində, bu barədə futbol ictimaiyyətində, mətbuatda və azarkeşlər arasında çoxlu müzakirələr gedib. Çempionatda cəmi səkkiz komanda mübarizə aparır. Bu klublardan yalnız “Qarabağ” və “Qəbələ” müstəqil və peşəkar klub idarəçiliyinə malikdilər. Bunun nəticəsi olaraq, məhz bu iki klub ölkə futbolunu Avropa kuboklarında layiqincə təmsil edir.
Çempionatın özü də faktiki olaraq bu iki komanda arasında mübarizədən ibarətdir. Qalan klublar isə eyni mənbədən maliyyələşir. Özü də dövlət vəsaiti hesabına. Futbol klublarını sahibkarlar, biznes adamları maliyyələşdirməlidir. Dövlət vəsaiti isə təhsilə, səhiyyəyə, sosial layihələrə, bir sözlə əhaliyə ayrılmalıdır. Dövlətin hesabına bu qədər klubun yerli və əcnəbi futbolçularının əməyinin ödənilməsi və nəticədə bu klubların heç bir ciddi nəticə əldə etməməsi onu göstərir ki, bu qədər vəsaiti sadəcə görüntü üçün rəqabət təəssüratı yaratmağa xərclənir. Belə bir şəraitdə Avropada mübarizə aparmaq qabiliyyətində olan komandaları yaşada bildikləri üçün adını çəkdiyim hər iki klubun rəhbərlərinə alqış düşür. Lakin, bizim mövqeyimiz odur ki, belə bir çempionatda, bölgə futbolunun inkişafına əngəl olan bir mühitdə “Xəzər Lənkəran”ın əsas komandasının fəaliyyətinin bərpası qeyri-mümkündür”.
O, klublarda yaradılan Müşahidə Şuraları barədə də fikirlərini bildirib: “Klublarda Müşahidə Şuraları yaradıldı ki, idarə heyəti və Müşahidə Şurası tamamilə fərqli hüquqi anlayışlardı. Həmçinin klubların yüksək büdcəyə malik olduğu dövrlərdə legioner limitinin tətbiqi qərarları da özünü doğrultmadı. Zamanında bütün bu addımlara öz reaksiyamızı bildirmişik, razı olmadığımız məqamları istər mətbuatda, istər görüşlər zamanı qabartmışıq.
Bütün bunlar və hazırda futbolun düşdüyü vəziyyət onu sübut edir ki, futbol təsərrüfatının idarə edilməsi ilə hər hansı dövlət qurumunun idarəedilməsi fərqli məsələlərdi. Futbol sahəsinə yaxın bir insan kimi, şəxsən məni mövcud mənzərə qane edə bilməz. Çatışmazlıqların aradan qaldırılması baxımından ölkə futboluna dəstək vernək hər bir futbol rəsmisi üçün böyük şərəf və məsuliyyətdir. Heç bir variantı istisna etmək olmaz. Əlbəttə ki, hər bir addım atılmazdan əvvəl konkret hərəkət planı olmalıdır. Futbolumuzun ümumi problemlərindən biri də elə plansızlıqdır”.