“Tvente” klubunun baş məşqçisi Alfred Şreyder Avropa Liqasının pley-off mərhələsinin “Qarabağ”la cavab oyunu öncəsi mətbuat konfransı keçirib.
İdmanxeber.com-un məlumatına görə, Hollandiya klubunun çalışdırıcısı bugünkü matçla bağlı bunları deyib:
“Ötən mövsümü üçüncü pillədə başa vurduq. Bu gün demək olar ki, “Qarabağ”la final matçına çıxacağıq. Bu görüşdə öz oyunumuzu oynamalıyıq.
Biz matçın taleyini həll edə biləcəyimizə əmin olmalıyıq. Ümid edirik ki, stadion azarkeşlərlə dolu olacaq. Avrokubok oyunları həm komanda, həm də futbolçular üçün təcrübə yığmaq baxımından çox önəmlidir. Hər kəs bu oyunlarda yeni nəsə öyrənir. “Qarabağ” yaxşı komandadır. Onların əks hücumları təhlükəli olur. Ancaq biz yalnız öz oyunumuz haqda düşünməli və qələbə üçün meydanda bütün gücümüzü qoymalıyıq”.
Qeyd edək ki, “Tvente” – “Qarabağ” oyunu bu axşam, Bakı vaxtı ilə saat 22:30-da başlayacaq. Bu komandalar arasında Bakıda baş tutan ilk oyunda hesab açılmamışdı.