14 Oktyabr 2024
Kateqoriyasız

”Uduzmaqdan zəhləm gedir” – De Byazi

Azərbaycan milli komandası UEFA Millətlər Liqasının üçüncü turunda Bakıda Slovakiyaya 0:1 hesabı ilə məğlub olub.

İdmanxeber.az xəbər verir ki, matçdan sonra keçirilən mətbuat konfransında yığmamızın baş məşqçisi Canni de Byazi jurnalistlərin suallarını cavablandırıb:

 

– Matçın 79-cu dəqiqəsində dəyişiklik etdiniz, 81-ci dəqiqədə milli qol buraxdı. Dəyişiklik nə ilə bağlı idi? 

– Meydana sürətli oyunçunun girməsinə ehtiyac var idi. Həmin futbolçu sürətli olmalıydı, həm əks-hücumda, həm də müdafiədə bizə kömək etməliydi. Emin Mahmudov da yorulmuşdu deyə, əvəzlədik. Amma buraxdığımız qol dəyişikliyə görə olmadı. Cərimə meydançasının mərkəzindən buraxdığımız qol oldu.

 

– İki ildir ki, millini çalışdırırsınız hələ də Bakıda qalib gələ bilməmisiz. Nə vaxt qalib gələcəksiz? 

– Bura gələndən 25 oyun keçirmişəm. Serbiya, Portuqaliya, İrlandiya, Lüksemburq kimi komandalara qarşı oynamışıq. Doğrudu, oyunları uduzmuşuq. Bizdən çox güclü komandalara qarşı oynamışıq. Hamısında sona qədər vuruşmuşuq, maksimumu etmişik. İndi isə biz qol vurmağa başlamalıyıq, nəticə qazanmalıyıq. İlk iki oyunda yaxşı epizodlarımız oldu, vura bilmədik.

 

– Uğursuzluğun səbəbkarı sizsiniz, yoxsa futbolçular? 

– İndi hamımız yaxşı analiz etməliyik və nə baş verdiyini bilməliyik. Onsuzda Slovakiyanın texniki baxımdan güclü olduğunu bilirdik. Əslində, 20 dəqiqədən sonra pis oynamadıq. İlk yarının axırlarında hesabda önə keçə bilərdik. Slovakiya ikinci yarıda ustalığını göstərdi. Oyunboyu mübarizə apardıq. Bundan daha artığını edə bilərik. Başa düşürəm, hamınız qələbə gözləyirsiz. Mən də istəyirəm qələbəni. Amma bu, heç də asan deyil. Günahkar axtarmaq düzgün deyil. Mən də istəyərdim deyim onun günahıdı, bunun günahıdı. İnkişaf üçün nüanslara baxmalıyıq. Dünən 100-cü məşqimizi keçirdik. Dörd məşqdən bir oyun oynayırıq. Bu da kondisiya üçün ideal deyil. Futbolçuları tanımalısan, nə arzuları var bilmək lazımdı. Artıq qrup yaratmışıq. Qazaxıstanla oyunda pis oynamadıq. Azarkeş kimi baxsaq, uduzanda problem axtarmaq olar. Amma futbol eksperti  kimi baxsaq, fərqli fikirlər ola bilər.

 

– Mahir Emreli barədə fikriniz necədi? 

– Mahirin fiziki problemləri var idi. Gəldi milliyə, bizimlə məşqlərə başladı. Onun özü də 100 faiz hazır deyildi. İstədik ki, ikinci hissədə onu meydana buraxaq və hücumda effektiv olsun. Vuruşdu, amma olmadı.

– Komanda qol da vura bilmir. Çox arqument gətirirsiz. Bəlkə, sizin yeriniz bura deyil? Ola bilər ki, Azərbaycan millisinə futbol oynamağı öyrədə bilmirsiz? 

– Xeyr. Bu, tam mənim komandamdı. Bu gün ilk 20 dəqiqəni çıxmaq şərtilə, qalan hissəni qorxa-qorxa oynamadıq. İki oyuna rəqib qapılarına 30 zərbə vurduq. Bu, böyük rəqəmdi. Rəqəmlər isə bizi aldada bilməz. Bu, faktdı.

 

– Qətərlə oyundan sonra hamı ilə sağollaşmışdınız. Sonradan niyə qaldınız işinizdə? 

– Bunu başqalarından soruşmalısız.

 

– Hər halda özünüz qalmaya bilərdiz  postunuzda… 

– Onlardan soruşun. Qərar verdik ki, davam etməliyik. Komandada nəsə dəyişilib. İndi 2003-cü il təvəllüdlü futbolçu əsas heyətdə oynayır. 5-6 oyunçu da olsa, onları da oynadaram. Burada xüsusi sevgi bəslədiyim oyunçu yoxdu.

 

– Milli 10 gün ərzində 4-cü oyununa çıxır. Heyətdə dəyişikliklər olacaq? 

– Sabah futbolçuların bərpa prosesinə baxacağıq. Maksim Medvedev oyunun gedişində dəyişiklik istədi. Başa düşürəm, yorğunluq ola bilər. Heyf ki, Qismət Alıyev yoxdu. Onu çox bəyənirəm. Mövsümün axırıdı, istirahət etmək haqda düşünür futbolçular. Amma bizi Belarusla oyun gözləyir. Onlarla ilk oyunda məğlubiyyət seriyasını qırdıq. Uduzmaqdan zəhləm gedir, xoşlamıram. Futbolçular da məğlubiyyətə görə üzülür. Amma çempionatla beynəlxalq oyunlar eyni deyil.

 

– Bir neçə gün əvvəl C Liqasında qrupdan çıxmaq haqda düşünürdük. Bundan sonra D liqasındakı perspektivlər haqda düşünməli olacağıq? 

– Qarşıda üç oyunumuz qalıb, onlar haqda düşünürük. Heç kim deməmişdi ki, qrupda birinci yer uğrunda mübarizə aparacağıq. Dünən də demişdim ki, Slovakiya favoritdi. Qazaxıstanın qələbəsi sürpriz oldu. Bizim qarşıda Belarusla oyunumuz var. Çalışacağıq ki, bu oyunda qalib gələk. Qazaxıstanı da Bakıda udmaq istəyirik. İkinci yer uğrunda mübarizə davam edir.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43