26 Dekabr 2024
Kateqoriyasız

UEFA-dan Qəbələdəki olaylarla bağlı mühüm açıqlama

UEFA Nəzarət, Etika və İntizam Komitəsi Azərbaycanın “Qəbələ” və Gürcüstanın “Dinamo” (Tbilisi) futbol klubları arasında Avropa Liqasının I təsnifat mərhələsi çərçivəsində Qəbələdə keçirilmiş cavab görüşündəki insidentlə bağlı qərarını iyulun 23-də açıqlayacaq.

İdmanxeber.com-un xəbərinə görə, bu barədə “Report”un sorğusuna cavab olaraq UEFA-dan məlumat verilib.

Avropanın futbol qurumundan bildirilib ki, Azərbaycanın və Gürcüstanın iki klubunun Qəbələdəki qarşılaşmasında azarkeşlərə yaraşmayan hərəkətlərə yol verilməsinə (yandırılmış milli bayraq) və üzərində qadağan edilmiş şüarlar yazılmış plakatların açılmasına görə intizam araşdırması başlanılıb.

UEFA-nın cavabında o da qeyd olunub ki, Tbilisidə keçirilmiş ilk qarşılaşmadakı hadisə irqçi hərəkət kimi qiymətləndirilib, stadionun bir hissəsinin qapadılmasına və 20 000 avro cərimənin tətbiq edilməsinə qərar verilib.

Qeyd edək ki, “Qəbələ” rəhbərliyi UEFA-nın rəsmi qərarını gözləmədən Serbiyanın “Çukariçki” klubu ilə Avropa Liqasının II təsnifat mərhələsindəki cavab görüşünü Bakıda keçirməyə qərar verib. Oyun iyulun 23-də “Bakcell Arena” stadionunda baş tutacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43