UEFA-nın Fair-Play və Sosial Məsuliyyət Komitəsindən məktub daxil olub.
İdmanxeber.com-un AFFA-nın saytına istinadən yaydığı xəbərə görə, Komitənin sədri Peter Gillieronun imzaladığı məktubun əsli “Kəpəz” PFK-ya, surəti isə AFFA-ya ünvanlanıb. Məktubda Topaz Premyer Liqasının 11-ci turunda Gəncə şəhər stadionunda keçirilən “Kəpəz” – “Qarabağ” oyununda meydan sahibi komandanın üzvü Viktor Oseqeylin nümayiş etdirdiyi fair-pley nümunəsi təqdir olunub.
Xatırladaq ki, qeyd olunan oyunun 26-cı dəqiqəsində, hesab 0:0 olarkən “Kəpəz”in futbolçusu Viktor Oseqeyl ilə “Qarabağ”ın qapıçısı İbrahim Şehiç arasında cərimə meydançası daxilində mübarizədən sonra qarşılaşmanın baş hakimi 11 metrlik cərimə zərbəsi təyin edib, Viktor Oseqeyl referiyə yaxınlaşaraq ona qarşı qayda pozuntusu olmadığını bildirb və hakim penalti qərarını ləğv edib.
Viktor Oseqeylin ədalətli oyun prinsiplərinə sadiq hərəkəti barədə AFFA tərəfindən UEFA-nın Fair-Play və Sosial Məsuliyyət Komitəsinə məlumat verilib.