22 Noyabr 2024
İdman

UEFA Pedro Enrikeni cəzalandırdı

UEFA İntizam Komitəsi “Qarabağ” klubunun futbolçusu Pedro Enrikeni 2 oyunluq cəzalandırıb.

Qurumun Media və İctimaiyyətlə Əlaqələr Departamentindən  verilən məlumata görə, səbəb braziliyalı legionerin Çempionlar Liqasının qrup mərhələsinin 4-cü turunda İspaniya “Atletiko”su ilə səfər matçında birbaşa qırmızı vərəqə almasıdır.

İntizam Kodeksinin 15-ci maddəsini rəhbər tutan Avropa futbol qurumu 27 yaşlı yarımmüdafiəçini qrup mərhələsindəki qalan oyunlardan diskvalifikasiya edib. Bu isə o deməkdir ki, “sambaçı” “Qarabağ”ın noyabrın 22-də Bakıda İngiltərənin “Çelsi”, dekabrın 5-də isə İtaliya paytaxtında “Roma” ilə keçirəcəyi görüşlərdən kənarda qalacaq.

Qeyd edək ki, Pedro Enrike Madriddə keçirilmiş oyunun 59-cu dəqiqəsində “Atletiko”nun müdafiəçisi Dieqo Qodinin sifətinə açıq ayaqla zərbə endirdiyi üçün birbaşa qırmızı vərəqə alıb. 1:1 hesabı ilə yekunlaşan matçda meydan sahiblərinin futbolçusu Stefan Saviç də qırmızı vərəqə alıb. Lakin o, 88-ci dəqiqədə ikinci “sarı” ilə komandasını azlıqda qoyub. Braziliyalı oyunçu “Qarabağ”ın Çempionlar Liqasının qrup mərhələsindəki ilk qolunun müəllifidir. O, sentyabrın 27-də Bakıda “Roma” ilə II tur matçında fərqlənib. Lakin Azərbaycan komandası görüşü məğlubiyyətlə başa vurub – 1:2 (report.az).


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43