“Hazırlıqlarımızı tamamlamışıq. Məhkəmə onlayn keçiriləcək. Artıq bir ilə yaxındır ki, mübarizəmiz davam edir. Prosesin həyata keçirilməməsi üçün bizə əngəllər törədilib. Uzun müddət mübarizə aparandan sonra isə şikayət hüququ verdilər və İdman Arbitraj Məhkəməsi (CAS) müraciətimizi qəbul etdi”.
Bu fikirləri “Report”a açıqlamasında oktyabrın 8-də məhkəməsi olacaq “Qarabağ”ın keçmiş mətbuat katibi Nurlan İbrahimov deyib.
O, məhkəmə işinə baxılmaması üçün UEFA-nın CAS-a təzyiq göstərdiyini bildirib: “Hamının qəbul etdiyi kimi, bu qədər ağır cəzanın verilməsi düzgün deyil. Biz hadisə ilə bağlı müəyyən şahidlər də göstərmişik. Yəni, hadisə necə olub və sosial şəbəkədəki status hansı şəraitdə yazılıb. Nəticənin necə olacağını birlikdə görəcəyik”.
İbrahimov məhkəmənin qərarı ilə cəzanın tam ləğv olunmasını istədiklərini söyləyib: “Artıq cəzadan bir il ötüb. Neçə ilədək azaldılması barədə nə isə düşünmürük. İstənilən halda, hansısa dəyişikliyin baş verməsi bu məsələdə haqlı olduğumuzu göstərəcək. Mənim də orada əsas məqsədim bu haqqı qorumaqdır. Haqqı çatdırmaq istəyirəm ki, affekt vəziyyətdə yazılmış statusa görə belə cəzanın verilməsi absurdur və real deyil. Biz də ən azından cəzanın dəyişdirilməsinə çalışırıq. Əsas istəyimiz isə ləğv edilməsidir”.
Sabiq mətbuat katibinin sözlərinə görə, dünyada buna oxşar hadisələr olub: “Hamı da bilir ki, bu, hüquqi cəza kimi qeydə alınmayıb, siyasi cəzadır və bunun dəyişdirilməsi üçün çalışırıq. Azərbaycan xalqının duasına ehtiyacımız var. UEFA işi çox ciddiyə alır və məhkəmə işinə ciddi heyətlə qatılır. Bu cür lobbi dəstəyinin haradan gəldiyi isə hamıya bəllidir”.
İbrahimov məhkəmədə bəzi detalları sübutlu şəkildə göstərməyə çalışdıqlarını vurğulayıb: “Mən statusu nə vaxt yazmışam, hansı səbəbdən və niyə yazmışam? Biz sadəcə, bunu göstərməyə çalışırıq. Bütün yazışmalarımızda da var ki, Gəncə və Bərdə şəhərlərini ermənilərin bombalamasından sonra bu status yazılıb. Bunu özləri də yazışmalarımızda etiraf edir ki, şəhərlərimizin bombalanması zamanı yazmışam. Hər zaman bunu göstərmək istəyirik ki, bunu soyuq başla yazmamışam, bu, günahsız və sivil insanların öldürülməsinə reaksiya idi. Bu, irqçilik deyil, mənim statusum müəyyən səbəblərdən yazılıb. Biz də bunu sübut etməyə çalışırıq. Uzun proses getdi, UEFA ilk olaraq məhkəmənin keçirilməsini istəmirdi. Hamı öz dəlillərini göstərəcək və nəticənin necə olacağını görəcəyik. Onların maraqlarını bu iş üzrə ixtisaslaşmış dünyanın 5 güclü şirkətindən biri müdafiə edir. Biz də Azərbaycan xalqının duasını alıb məhkəməyə girəcəyik. İndiyədək mənə dəstək olan hər kəsə təşəkkür edirəm”.
Qeyd edək ki, Nurlan İbrahimov Vətən müharibəsi zamanı feysbuk səhifəsində ermənilərlə bağlı paylaşımına görə UEFA tərəfindən futboldan ömürlük uzaqlaşdırılıb. “Qarabağ” klubu isə 100 000 avro cərimələnib. İbrahimov yanvarın 19-da klubdan ayrıldığını açıqlayıb.