UEFA 2022/23 mövsümündə avrokubokların mükafat fondunun bölüşdürülməsi sxemini təqdim edib.
İdmanxeber.az xəbər verir, Avropanın futbol qurumu ümumilikdə 3,5 milyard avro ayırıb. Bunun 465 milyon avrosunu Avropa Liqasında çıxış edənlər, 235 milyonunu isə Konfrans Liqasının iştirakçıları alacaq. Mükafatın böyük hissəsi Çempionlar Liqasının payına düşəcək – 2 milyard 32 milyon avro. ÇL-də pley-offa qədər irəliləyən klubların hər biri 5 milyon qazanacaq. Qrupa yüksələnlərin gəliri isə 15,64 milyon avro olacaq.
Qrupdakı hər qələbə 2,8 milyon, heç-heçə isə 930 min avro gətirəcək. ÇL-in 1/8 finalına çıxmaq klublara 9,6 milyon, 1/4 finala 10,6 milyon, yarımfinala 12,5 milyon, finala yüksəlmək isə 15,5 milyon qazandıracaq. Çempionlar Liqasının qalibi əlavə 4,5 milyon əldə edəcək.
UEFA superkuboku uğrunda matçın iştirakçıları da hərəyə 3,5 milyon, qalib isə əlavə 1 milyon avro qazanacaq.
Azərbaycanı Çempionlar Liqasında təmsil edən “Qarabağ” 1-ci təsnifat mərhələsində Polşa “Lex”ini üstələyərək (0:1, 5:1) növbəti mərhələyə yüksəlib. “Köhlən atlar”ın 2-ci təsnifat mərhələsindəki rəqibi İsveçrə “Sürix”i olacaq.