Müsahibə

Uğur Pamuk: “Rəqib futbolçu özü də dedi ki, penalti var idi” (MÜSAHİBƏ)

Premyer Liqanın 16-cı turunda səfərdə “İnter”i 3:2 hesabıyla məğlub edən “Sumqayıt”ın yarımmüdafiəçisi Uğur Pamukun İdmanxeber.com-a müsahibə verib.

– Oyun haqda fikirlərini bildirərdin…

-3 oyundu ard-arda son dəqiqələrdə qələbəni əldən verirdik. Ona görə də bu oyuna qələbə üçün köklənmişdik. Meydana yalnız qalib gəlmək üçün çıxmışdıq, başqa yolumuz yox idi. Heç-heçədən söhbət gedə bilməzdi. Yalnız qələbə qazanmalıydıq. 90 dəqiqə yaxşı futbol oynadıq, vuruşduq və layiq olduğumuz qələbəni qazandıq. Daha çox qol ola bilərdi. Özüm də 2 qol vura bilərdim, amma alınmadı.

– İlk hissədə 3 qol vuracağınızı gözləyirdiz?

– Xeyr, gözləmirdim. “İnter” çox güclü komandadı. Onlar həmişə etibarlı müdafiə xətti ilə seçilib. Bu komandaya qol vurmaq çətindi. “Qarabağ”la oyunlarına baxmışdıq. Rəqibə qol şansı vermirdilər. Bu matçda biz yaxşı formada idik, ona görə də ilk hissədə 3 qol vurub oyunun taleyini həll etdik.

– Hakimliklə bağlı nə deyə bilərsən?

– Heç nə. Hakim də insandı. O da səhv edə bilər. Gənc hakimdi.

– Bir epizodda penalti təyin edirdiz. Səncə, penalti var idi?

– Bəli, orda 100 % penalti var idi. Həmin epizodda foul edən rəqib futbolçu özü də dedi ki, penalti var idi. Əsas hakim epizoda uzaq idi, onun görməməsi normaldı. Amma yan xətt hakimi görməli idi.

– Yaxşı oynadığınız oyunlarda xal itirirdiz. Bu oyunlardan sonra “Sumqayıt”da ruh düşkünlüyü gözlənilirdi. Amma komanda tam əksinə gözəl oyun nümayiş etdirdi. Səbəb nədi?

– “Neftçi”, “Qəbələ” və “Kəpəz”lə oyunlarda yaxşı oynasaq da xallar itirtdik. Bizə stimul verən, oyuna kökləyən Samir müəllimdi. O, gələndən komandada əhval-ruhiyyə yüksəlib. Məşqlərimiz yaxşı keçir, onun verdiyi bütün tapşırıqları çalışırıq ki, meydanda yerinə yetirək. Samir Abbasovun bizə köməyi çoxdu.

– Aqil Məmmədovun edə bilmədiklərini Samir Abbasov edir?

– Xeyr, elə düşünmürəm. Hər məşqçinin öz fəlsəfəsi var. Bizim düşüş vaxtımız idi. “Sumqayıt” həmişə mövsümün ilk oyunlarında zəif çıxış edir. Sonra yavaş-yavaş öz oyunumuzu tapırıq. Deməzdim ki, bu Aqil Məmmədovla bağlıdı. Mövsümə yaxşı hazırlaşmamağımızla bağlı ola bilər.

– Növbəti turda “Qarabağ”la qarşılaşacaqsız, Bu oyun barədə nə düşünürsən?

– “Qarabağ” Azərbaycanın ən güclü komandasıdı. Ona söz yoxdu. Buna baxmayaraq biz səfərə məğlub olmağa yox, qalib gəlmək üçün gedəcəyik. İlk dövrədə də onları məğlub etmişdik. Yenə qələbə qazanmaq istəyirik. Futboldu. Hər şey ola bilər.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43