Ölkə futbolu

Ümidverici dirəniş

Adil Şükürovun gəlişinin ardından “Kəpəz”dəki yüksəliş davam edir. Qısa vaxtda komandada və çempionatda ab-havanı dəyişməyi bacaran təcrübəli mütəxəssis hələlik ümid işığını parlada bilib.

Şükürovun komandaya təsiri ilk oyunlardan hiss olunurdu. Ancaq bu, təsadüfü də ola bilərdi. Çünki bütün klublarda baş məşqçi dəyişikliyinə komandalar müsbət reaksiya verir. Bu səbəbdən də həmin dönəmlərdə təmkinimizi qoruyaraq, müəyyən bir vaxt müşahidə mövqeyini götürdük. Vaxt keçdikcə isə “Kəpəz”in yavaş-yavaş ayağa qalxmağa çalışdığı görülür.

Baş məşqçi yanaşması bu işlərdə çox mühümdür. Məsələn, “sarı-göylər”in dünənki “Araz Naxçıvan” oyunu Premyer Liqada qalmaq üçün yarışdığı “Qəbələ”nin “Zirə” ilə görüşdəki nəticəsi ilə də bağlıdır. Belə ki, Gəncə təmsilçisi meydana böyük əksəriyyətimizin də düşündüyü kimi – “qırmızı-qaralar”ın 1 xal qazandığı yox, 2 xal itirdiyi qənaəti ilə çıxıb. Elə ilk dəqiqələrdən rəqibinə açıq oyun təklif edən Şükürovun yetirmələri yalnız qələbə barədə düşünürdülər.

Səbəb də bəllidir: 3 xal qazanmaq və “Qəbələ” ilə fərqi artırmaq. “Kəpəz” dünənki matçdan yalnız qələbəylə ayrılmadı, həm də sonuncu sırayla xal fərqini 5-ə çatdıraraq ciddi psixoloji üstünlük əldə etdi. Özündən güclü Naxçıvan klubuna qarşı açıq oyun təklif edən gəncəlilər istəyinə nail oldu.

Halbuki heyətdə Mate Kvirkviya, Georgi Papunaşvili və Yeqor Xvalko kimi ciddi itkilər var idi. Buna rəğmən oyun üslubundan vaz keçməmək, eyni tepmlə mübarizəni davam etdirmək həm də riskdir. Ancaq görünür, məşqçilər heyəti rəqibi yaxşı analiz edib.

Bəzən taktiki, texniki məsələlərdən daha çox psixoloji amili dəyişmək, komandaya özgüvəni qaytarmaq da vacib məqam sayılır. Şükürovun da “Kəpəz”də bacardığı əsas amil bu olub. Hesab bərabərləşəndən sonra yenidən irəliyə atılmaq, ikinci qolu vurmaq istəmək komandadakı dəyişikliyin göstəricisidir.

Nəzər alaq ki, “Kəpəz” indiki məqamda Azərbaycanda işləməsi ən çətin klubdur. Həm rəhbərlik, həm də məşqçilər üçün. Hər iki tərəf də də hələlik işinin öhdəsindən gəlir. Elə cari mövsüm komandaya cəlb edilən – Papu, Latir Fall və İqor Rodriges kimi adların səviyyəsi açıq görünür. Yalnız Adama Nianenin gözləntilərin altında qaldığını vurğulaya bilərik.

Ondan başqa komandaya gətirilən əksər futbolçulardan faydalanılır. Bu gün digər klublarımızın ehtiyat skamyalarına baxsaq, mövsüm ərzində cəmi 2-3 oyunda forma geyinən çoxlu əcnəbi futbolçular görərik.

“Kəpəz”də isə komandaya cəlb edilən bütün oyunçulardan istifadə edilir. Məhdud büdcə ilə edilən transferlərdən maksimum nəticə qazanmaq ciddi rəhbərlik bacarığıdır. Bu uğur seriyasının bir halqası da komandanın Qəbələdə oynaması oldu. Tovuzda aşan/sönən işıq dirəyi sanki “Kəpəz” üçün işıq saçdı.

Müəyyən çətinliklər olsa da, Gəncə klubu Qəbələdə oynamağa davam etməlidir. Komandada bu ab-havanı pozmaq, kənara çıxmaq mümkün enişə səbəb ola bilər. Rəhbərlik bunu nəzər almalı, ev oyunlarını mövsümün sonuna qədər Qəbələdə keçirməyin yolunu tapmalıdır.

Ancaq bütün hallarda, “Kəpəz” bu qədər şəraitsiz, sponsorsuz, klub daxili və xarici təzyiqlərlə dirənməyə, mübarizə aparmağa davam edir. Hədəfə çatılıb-çatılmayacağı bəlli deyil, amma gedişat ümid verir. 

Həsən Quluzadə


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43