Kateqoriyasız

“Unutmayaq ki, “Nant” qrupda ikincilik üçün mübarizə aparır” – Zaur Həşimov

“Qarabağ” “Nant”ı evdə məğlub etməyi bacarmışdı. Bakıdakı görüşdə həm oyun olaraq, həm də hesabda rəqibdən açıq üstün idik. Səfərdə də komandamızdan yaxşı nəticə gözləyirik”.

Bu sözləri İdmanxeber.az saytına “Zirə”nin sabiq baş məşqçisi Zaur Həşimov bu gün UEFA Avropa Liqası qrup mərhələsi çərçivəsində keçiriləcək “Nant” – “Qarabağ” matçı barədə danışarkən deyib. O, daha sonra belə davam edib:

“Frayburq”un evdə “Olimpiakos”a məğlub olması inandırıcı deyil. Onlar da həmin görüşü udub Bakıya rahat gəlmək istəyəcəklər. “Nant”la qarşılaşmada biz də “Qarabağ”dan qələbə gözləyirik. Ancaq unutmayaq ki, onlar da qrupda ikincilik üçün mübarizə aparırlar. Rəqib evdə bu görüşə son şans kimi yanaşır. Məncə, axşamkı matçdan bir xalla ayrılsaq, ikinciliyi təmin etmiş olacağıq.

Hər şəyə rəğmən, “Qarabağ”ın öz oyun üslubu var. Nəticədən, gedişatdan asılı olmayaraq təmsilçimiz bunu davam etdirəcək. Tək çətinliyimiz odur ki, “Nant” doğma meydanda öz azarkeşlərinin dəstəyi ilə mübarizə aparacaq”.

Qeyd edək ki, “Nant” – “Qarabağ” qarşılaşması bu axşam saat 23:00-da start götürəcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43