25 Noyabr 2024
Ölkə futbolu

“Uşaqlarla fəxr edirəm” – Murad Musayev

Konfrans Liqasının III təsnifat mərhələsində keçirilən “Sabah” – “Partizan” (Serbiya) oyunundan sonra Azərbaycan təmsilçisinin baş məşqçisi Murad Musayev jurnalistlərin suallarını cavablandırdı.

İdmanxeber.az xəbər verir ki, mütəxəssis əvvəlcə görüşlə bağlı fikirlərini bildirdi…

– Bugünkü oyuna görə uşaqlarla fəxr edirəm. Xarakter göstərdik, adlı-sanlı rəqibdən qorxmadıq, hücum futbolu sərgilədik. Penaltidən yararlana bilməsək də, toparlandıq və iki qol vurduq. Şanslar bərabərdir. Addım-addım gedəcəyik. Qarşıda “Sumqayıt”la matç var. Bir həftə sonra isə Belqradda çətin oyunumuz oolacaq. Oyuna gələn azarkeşlərə, tamaşaçılara təşəkkür edirəm. Bu gün onların dəstəyi bizə çox vacib idi. Onların sayəsində bu qələbəni qazandıq.

– Rəqib həmkar məğlubiyyəti davamlı pressinqinizə bağladı. Siz qələbəni nələrlə əsaslandırardız?
– Bu gün rəqibin güclü tərəflərini bağladıq, onlara imkan vermədik. Faktorlar çoxdur.

– Qaçırılan epizodlarla bağlı fikirləriniz nədir? Bunlarla bağlı nəsə planlarınız var, yoxsa sadəcə bəxtlə bağlı idi?
– Hər gün çalışırıq. Oyunçularımız üzərində də təzyiq var. Onlar üçün yeni təcrübədir. Bir neçə qol imkanından yararlana bilməsək də, nəticəni xeyrimizə dəyişə bildik.

– Till və Marqaritanın oyunundan razı qaldız?
– Burada kiminsə fərdi oyununu dəyərləndirmək düzgün olmazdı. Qalib gəlmişik və oyunçularımdan məmnunam. 

– Bu tempi Belqradda davam etdirmək çətin olmayacaq?
– Belqradda daha çətin olacaq. Azarkeşləri önündə oynayacaqlar. Möhtəşəm fanatları var. Bu gün bir az hava da bizə kömək oldu. Rəqib üçün çox çətin idi. Məni üzən hallar da var, Elvin, İrasabal zədəlidir, Mikelsin situasiyasını da bilirsiz. Müəyyən dəyişikliklər etməli olacağıq. Bu tempi saxlamaq üçün çalışacağıq.

– Rusiya mətbuatına açıqlamanızda demişdiz ki, gənclikdə partlayıcı vasitələrdən istifadə etməyi sevirsiz. İndi bugünkü qələbəni elə qeyd edəcəksiz?
– Yəqin, düzgün başa düşməmisiz. Mən futbol məşqçisiyəm, priotexniki vasitələrdən istifadə etmirəm.

– Bu gün ağır rəqiblə oynasaz da, meydanda itkiləs hiss edilmədi. Komandada fərdlərdən asılı olmayan bir sxemin yarandığını deyə bilərik?
– Əlbəttə, önəmli olan strukturdur. Bunu sona kimi saxlaya bilsək, düz oynasaq çox yaxşı çıxış edəcəyik. Ötən il Kaşuk və Mikels qollar vurmuşdu, amma bu, komandanın məhsulu idi. Yusif qapıda etibarlı çıxış edir, ona da komanda yoldaşlarının köməyi var. İntizamı saxlasaq, yaxşı olacaq. Amma yenə transferlərə ehtiyacımız olacaq.

– Cavab oyununa qədər, azı bu mərhələdən sonraya transfer gözlənilir?
– “Partizan”la cavab oyununa qədər yox. Kimisə gətirsək belə, sifariş edə bilməyəcəyik.

– “Sabah” 3-cü, “Partizan” 300-cü oyununu keçirdi avrokuboklarda. Bu gün bir cavan qocaya dərs keçdi…
– Komandamla fəxr edirəm. Hələ ilk oyun bitib. Qarşıda çətin cavab görüşü olacaq. İşin yarısını görmüşük. Tarixi qələbə qazandıq, amma sakit qalıb, növbəti oyunu gözləməliyik.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43