Kateqoriyasız

“Vaci baş məşqçiyə təsadüfən yox, bilərəkdən əllə oynadığını dedi” – MÜSAHİBƏ

Millimizin və “Qarabağ”ın kapitanı Maksim Medvedevin “Futbol+”a müsahibəsi

– Sizin üçün avrokubok mövsümü başa çatdı. Cari mövsümü necə dəyərləndirirsən?
– Təəssüf ki, dediyiniz kimi, bizim üçün avrokubok mövsümü başa çatdı. Lakin cari “futbol ili”ndə çoxlu müsbət emosiya yaşadıq. Tariximizdə ilk dəfə qrupdan çıxmağı bacardıq. Azarkeşlərimiz qarşısında layiqli futbol nümayiş etdirdik. Bu, bizi növbəti mövsüm üçün də motivasiya edir.

– Bu müddət ərzində nədən razı, nədən narazı qaldın?
– Təbii ki, qrupdan çıxmağımızdan razı qaldım. Bu, bizim üçün yeni nailiyyətdi. Narazılığa gəlincə, heç nədən şikayət etməyəcəm. Çox çalışıb daha da təkmilləşəcəyik.

– Geridə qalan avrokubok mövsümündə hansı matça görə təəssüf hissi keçirdin?
– Yəqin ki, “Bazel”lə oyuna görə. İlk görüşdə onlara qalib gələ bilərdik. Həmin qarşılaşmada çox yaxşı oynadıq. Heyf, qol vura bilmədik. Qalib gəlsəydik, qrupdan birinci çıxacaqdıq. Belə olan halda isə pley-offda başqa rəqiblə üz-üzə gələcəkdik. Düşünürəm ki, o zaman daha böyük tarix yazmaq şansımız olacaqdı.

– Bəs cari avrokubok mövsümündə sənin üçün ən yaddaqalan oyun hansı oldu?
– Düşünürəm ki, “Aberdin”lə qarşılaşma mənim üçün ən yaddaqalandı. Səbəb budu ki, matçdan əvvəl çoxları “Aberdin”nin bu dueldən qalib ayrılacağını düşünürdü. Lakin biz onlara qarşı həm fiziki, həm də mənəvi cəhətdən çox yaxşı hazırlaşmışdıq. Bu oyunda futboldan həzz aldıq, demək olar ki, uğur qazandıq. Başqa nə istəyirdik ki!

– “Marsel”lə Bakıdakı oyunda Qurban Qurbanov səninlə Vacini yanına çağırdı. Orda nə danışdız? Bu hamı üçün maraqlıdı.
– O, bizi yanına çağırıb, əslində nə baş verdiyini soruşdu. Vaci isə baş məşqçiyə təsadüfən yox, bilərəkdən əllə oynadığını dedi. Bunu hakimə etiraf etmək qərarına gəldik. Düşünürəm ki, ən doğrusu bu idi və biz belə də etdik. Həqiqəti etiraf edərək, bütün dünyada rəğbət qazandıq.

– Avrokuboklarda ən çox matça çıxan azərbaycanlı futbolçusan. Bu necə hissdi? Yaxın müddətdə kiminsə sənin uğurunu təkrarlaya biləcəyini düşünürsən?
– Fərdi təriflər almaq xoşdu. Ancaq mənim üçün bu əsas deyil. Ən vacibi klubun nəticələri və dünya səviyyəsində inkişafıdı. Ola bilsin, yaxın 5 ildə kimsə bu rekordu qırdı. Amma qırsalar da, çox güman, yenə “Qarabağ”dan biri olacaq.

– İndi isə premyer-liqaya qayıdaq. “Qarabağ”ı artıq çempion kimi təbrik etmək olar?
– Erkən təbriklərə ehtiyacımız yoxdu. Qarşıda hələ bir neçə tur var. Görüləsi işimiz çoxdu. Çempion olmaq uğurun yarısıdı. Çempionun əsas vəzifəsi ölkəni beynəlxalq yarışlarda yüksək səviyyədə təmsil etməkdi.

– Canni de Byazinin milli komandada qalması da müəyyən söz-söhbətə səbəb oldu. Bəziləri “qalsın”, bəziləri “getsin” dedi. Baş məşqçi isə açıqlamasında “Maksim mənim qalmağımı istəyir” söyləmişdi. Qarşıdan Millətlər Liqasının oyunları gəlir. Səncə, De Byazinin rəhbərliyi altında bu turnirdə uğur qazanmaq mümkün olacaq?
– Milli komanda ilə bağlı həmişə çox söz-söhbət olur. Belə vəziyyətlərdə həmişə fikir ayrılıqları olur ki, bu da normaldı. Kimsə nəticələrə görə istefa vermək istəyir. Onları başa düşürəm. Kimsə də daha səbirli olub gələcəyə ümid edir və işləməyə davam etmək istəyir. Bir ildə komanda qurmaq və nəticə vermək çətindi. Bəli, oyunçular var. Amma reytinqdə bizdən öndə olan komandalarla oynadıq və bu çox çətindi. Ona görə də hər il baş məşqçi dəyişmək bizə heç nə verməyəcək. Sadəcə, vaxt itirəcəyik. Hər şeyə sıfırdan başlamaq lazım gələcək. Bildiyiniz kimi, bu, illər tələb edən prosesdi. Yaxşı nəticə göstərmək üçün təkcə məşqçi yox, milliyə çağırılan hər bir futbolçu özünü təkmilləşdirməli, daha çox çalışmalı, məsuliyyət daşımalıdı. Hamımızın məqsədi eyni olsa, uğur qazana bilərik.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43