“14-15 yaşındakı oyunçular müəyyən səbəblərdən futboldan kənarlaşmış olur. 17-19 yaş aralığında isə vəziyyət daha acınacaqlıdır. Əvvəllər valideynlər uşaqlarını futbola gətirəndə ümid edirdilər ki, övladları gələcəkdə peşəkar futbolçu olacaq. Amma sahənin içinə girəndə görürlər ki, yuxarı liqalarda oynayan komanda sayları kifayət qədər yetərli deyil və övladlarının kənarda qalma ehtimalı daha çoxdur. Ona görə də valideynlər övladlarının gələcəyi üçün 14-15 yaşında onları futboldan uzaqlaşdırır”.
Bu sözləri İdmanxeber.az saytına U18 millimizin sabiq məşqçisi Zamir Həsənov Azərbaycan futbolunda aşağı yaş qruplarındakı problemlərdən danışarkən deyib. O, 15-16 yaşlı futbolçuların karyeralarının yarımçıq qalmasının səbəbini belə açıqlayıb:
“Bu yaşda olan uşağın keçid dövrü olduğu üçün performansında dəyişiklik olur və biz onları görmədən artıq uşaqlar futboldan uzaqlaşır. Müəyyən yol qət edib gələn uşaqlar isə əsasən əsgərlik və sosial problemini həll etmək üçün başqa sahəyə yönəlirlər. Bizdə 18-19 yaşındakı oyunçulara verilən maaş yol puluna güclə yetir.
Problem yalnız maddi durum da deyil. Məsələn, 15 yaşlarından ibarət komandalar artıq meydanda on-onbirə oynamalıdır. Bunun üçün də təbii ki, böyük stadion lazımdı. Bildiyiniz kimi, federasiya U14 liqasını da mərkəzləşdirilmiş edib və stadionu özü təmin edir. Amma U15 liqasında artıq ev-səfər oyunları olduğu üçün burada problemlər çıxır və komandaların çoxu stadion, nəqliyyat xərclərini qarşılaya bilmədikləri üçün dağılır.
Beləliklə, ən böyük problemimiz olan kütləviliyi öz əllərimizlə məhv etmiş oluruq. Bu yaş dönəmində bəzən intizamsız uşaqlara da rast gəlinir. Onların karyerasının məhv olmasında bu amil də rol oynayır. Halbuki akademiya adlandırılan yerlərdə aşağı yaş qruplarının çoxunun texniki və inzibati koordinatorları var. Gedib maraqlansaq, bəlkə də indiyədək çox az klubda valideynlərlə iş aparılır. Onlarla görüşüb, tez tez uşaqları haqqında məlumat vermək lazımdır.
Hazırda U17 və ya U19 liqasında ümumilikdə 20-yə yaxın komanda var ki, bunun da demək olar hamısı Premyer Liqada oynayan peşəkar klubların aşağı yaş qruplarıdı. Qonşu Türkiyəyə baxsaq, həmin yaş qrupunda 200-ə yaxın komanda var və hər il kifayət qədər keyfiyyətli futbolçular çıxır.
Futbolçu qıtlığını aradan qaldırmaq üçün yalnız federasiyadan nəsə gözləməməliyik. Hər rayonun bələdiyyəsi, idman idarələri və müxtəlif aidiyyəti qurumlar var ki, nəqliyyatla, stadionla və başqa məsələlərlə komandalara dəstək ola bilərlər. Hər xırda çatışmazlıq böyük problemə çevrilir. Sonra isə gecikmiş oluruq və başlayırıq şikayətlənməyə”.
Həsən Quluzadə