18 Oktyabr 2021
İdman

…Və ya çin olmayan yuxu

…Və ya çin olmayan yuxu  

Həftə arası yığma komandamız Avro-2016-nın seçmə mərhələsi çərçivəsində ilk oyununa çıxdı. Görüşdən əvvəl hər kəs – AFFA rəsmiləri,  Berti Foqts, eləcə də futbolçularımız iddialı danışırdılar. Yox, heç kim “Bolqarıstanı mütləq məğlub edəcəyik” demirdi. Amma “məqsədimiz qrupda üçüncü yeri tutmaqdır” fikrinin özü elə ən böyük iddia idi. Aydın məsələdir ki, qrupda üçüncü yeri tutmaq istəyən komanda, turnirdəki ilk oyununda, özü də özü kimi üçüncü yerə iddia edən rəqibi mütləq məğlub etməlidir.

Kiminsə gözündə Bolqarıstan millisi güclü rəqib ola bilər. Lakin FİFA reytinqində bu komanda yığmamıza qonşu idi. Biz 73-cü, onlar isə 72-cidirsə, deməli “komandalar arasında səviyyə fərqi var idi” bəhanəsi bu oyuna aid edilə bilməzdi.

Haşiyə çıxaraq qeyd edim ki, həmişə nəyəsə görə Azərbaycanı bədxah qonşularımızla müqayisə etməyin əlehinə olmuşam. Amma futbolçularımızın (bu əslində hamısına yox, milliyə qeyri-ciddi yanaşanlara aiddir – İ.C.) utanması üçün deməliyəm.  11 ay əvvəl Ermənistan millisi Bolqarıstanı öz meydanında 2:1 hesabı ilə məğlub etmişdi. Ermənilər bunu bacarırsa, biz niyə eyni qələbə sevincini yaşamamalıydıq?..

Foqtsun meydana buraxdığı heyəti ideal saymaq olardı. Yəni, alman mütəxəssisin yığmaya dəvət etdiyi futbolçuların fonunda bu heyət ideala yaxın idi. Yeganə gözlənilməzlik Rahid Əmirquliyevin ilk “11-lik”də olmaması idi. Digər yandan da Foqts, nəhayət ki, daşı ətəyindən tökərək müdafiənin mərkəzində “Qarabağ”ın heyətində inamlı təsir bağışlayan Rəşad Sadıqov-Bədavi Hüseynov ikilisinə güvənmişdi. Oyuna əksəriyyətimiz baxmışıq. Odur ki, uzun-uzadı 90 dəqiqə ərzində meydanda baş verənləri xatırlatmağa ehtiyac yoxdur. Qısaca onu deyim ki, 90 dəqiqə bu rəqibi evə əliboş yola salmağın mümkünlüyünü göstərdi. Özü də rahat şəkildə. Rauf Əliyev matçın əvvəlində başla dəqiq oynasaydı, qalib gələr bilərdik. Bu, öz yerində. Amma elə 1:1-dən sonra da 3 xal qazanmaq mümkün idi. Bunun üçün yalnız bir qədər cəsarətli olmaq, Penev kimi Foqtsun da meydana hücumçu buraxması lazım idi. Hər halda, hesab bərabərləşdikdən sonra heç nə ilə yadda qalmayan Rüfət Dadaşovu Vüqar Nadirov, ən pis halda Cihan Özkara ilə əvəzləmək olardı. Amma Foqts Ruslan Abışovu Tərlan Quliyevlə əvəzləməklə, beşli müdafiəyə keçdi. Bu isə onu göstərdi ki, alman məşqçini bu oyunda 1 xal da qane edir. Yəni, onun beynində “mütləq qələbə qazanmalıyıq” fikri yox idi.

Qorxaqlar isə daim məğlubiyyətə məhkumdurlar. Foqts qorxub müdafiəni gücləndirdi, Penev hücumu. Yekunda da 3 xal Bolqarıstanın oldu.

Özbəkistanla oyundan əvvəl Foqts mətbuat konfransında, “Bolqarıstanı hərtərəfli analiz etmişik. Onlar bizi heç nə ilə təəccübləndirə bilməz” demişdi. Cənab Foqts, kimin kimi necə analiz etdiyini gördük. Bu məğlubiyyət Foqtsun “məqsədimiz qrupda üçüncü olmaqdı” iddiasın nağıl olduğunu göstərdi. Bolqarıstana da bizi Avro-2016 yuxusundan tez oyatdığü üçün təşəkkür edək. Foqtsun təsirinə necə düşmüşdüksə, bir anlıq özüm də bu nağıla inanmağa başlamışdım. Amma bolqar silləsi bizi ayıltdı.

“Neftçi”nin, “Qarabağ”ın uğurlarını qısqanaraq Foqtsun Avro-2016 eşqinə düşməsi təqdirəlayiq haldır. Hər halda, iddia yaxşı şeydir. Amma görünür bizdən fərqli olaraq Almaniyada “adam ayağını yorğanına görə uzadar” məsəli yoxdu. Olsaydı, Foqts bizə nağıl danışıb, yığmanın qrupda üçüncü ola biləcəyini deməzdi. Hələ də anlamıram ki, biz heç, AFFA rəhbərliyi bu nağıla necə inanır? Lap Rövnəq Abdullayevi, Elşad Nəsirovu, Rauf Əliyevi başa düşdük, vaxtları azdır. Vəziyyətin nə yerdə olduğunu dəqiqliyi ilə bilməyə bilərlər. Bəs, Elxan Məmmədov? Baş katib nəyə əsasən iddia edirdi ki, komandamızın üçüncü olacağına inanır?

Federasiya rəsmilərinin Foqtsu müdafiə etmələri də başadüşüləndir. Amma unutmamalıdırlar ki, ölkə futbolunun nəticəsinə görə cavabdeh şəxs onlardır.

Oyundan sonrakı mətbuat konfransında aradan çıxan Foqts, ilk növbədə o tərbiyəsizliyi Azərbaycan yığmasına, tutduğu vəzifəyə, salonda yayında əyləşənlərə qarşı etdi. Bolqar jurnalistlər də Azərbaycan yığmasının baş məşqçisinin necə biri olduğunu gördülər. Sabah komandamız Bolqarıstana gedəndə çətin ki, onlar Foqtsa hörmətlə yanaşsınlar…

Foqts “növbəti oyunlarda uğur qazanmağa çalışacağıq” deyir. Hansı oyunda, hansı uğuru? Öz meydanında Bolqarıstana uduzan komandanın Xorvatiya və İtaliya səfərində nəinki qələbə, heç bir xal qazanması da mümkünsüzdür. Azərbaycan yığması bu gedişlə nəinki qrupda üçüncü, heç dördüncü yeri də tuta bilməyəcək.  

Oyun bitdi, Foqts gecə ilə Bakını tərk etdi. Yəqin ki, bu məğlubiyyətə görə hesabatı Almaniyadan telefon, ya da skayp vasitəsi ilə verəcək. Məzəniz olsun, heç olmasa Foqtsu Bakıda 1 gün artıq saxlayıb, yalandan da olsa “məğlubiyyətin hesabını ver” deyərdiz.

İbrahim Cəfərov “Het-trik news” qəzeti


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43

Oxşar xəbərlər

Bu günün matçları: Hansı oyun, hansı kanalda?

admin

Portuqaliya millisi DÇ-ı üçün heyətini açıqladı

admin

“Kəpəz”in əcnəbilərinin aqibəti: Dario Türkiyədən gələn təklifi qəbul edəcəkmi?

admin