İdman

Vüqar Nadirov: “Qarabağ”a qol vursam, sevinməyəcəm”

“Səbail”in futbolçusu Vüqar Nadirovun İdmanxeber.com saytına müsahibəsi.

– Vüqar, ötən tur “Keşlə” ilə matçda gördük ki, “Səbail” pis təsir bağışlamır. Sən necə düşünürsən, komandanız mövsümün ikinci yarısında necə çıxış edəcək?

– İlk öncə onu bildirim ki, bizim əsas məqsədimiz fiziki mübarizələrdə uduzmamaqdı. Belə olan halda, ardı gələcək və nəticə də olacaq. Düşünürəm ki, bu bizdə alınır. Burda isə məqşçi işi görünür. Samir Əliyev öz tapışırıqlarını verir və biz futbolçuların da vəzifəsi odu ki, deyilənləri yerinə yetirək. Futbol elə oyundu ki, böyük bir dəryadı. Hər gün yeni nəsə öyrənirsən. Yaşından asılı olmayaraq.

– Samir Əliyevlə işləmək rahatdı?

– Bir-birimizi anlaya bilirik. Tələbkar məşqçidi, bu da çox yaxşı haldı. Düzdü, bəzən xoşuna gəlməyən məqamlar olanda əsəbləşir. Ancaq bu çox normal bir şeydi. Hər bir məşqçidə bunu görə bilərik.

– Qarşıdan “Qarabağ”la oyun gəlir. Bu qarşılaşmanın sənin üçün xüsusi əhəmiyyəti var?

– Xeyr. Çünki mən bütün oyunlara eyni gözlə baxıram. Digər matçları necə görürəmsə, “Qarabağ”la qarşılaşmaya da eyni səviyyədə hazırlaşıram, məsulyyətli.

– Əslən ağdamlısan və bir neçə il “Qarabağ”ın şərəfini qorumusan. “Qarabağ”a qol vursan sevinəcəksən?

– Yox, nə yalan deyim… Əgər “Qarabağ”a qol vursam, sevinməyəcəm.

– Qış transfer pəncərəsində təklifin oldu?

– Olmadı.

– Səncə öz üzərində işləyib, milli komandaya yenidən dəvət ala bilərsən?

– Əlbəttə ki, məqsədim budu. Ümid var, Allahdan ümid kəsilmir. Çox istərdim ki, yenidən yığmamızın uğurları üçün çalışım. Gündə iki dəfə məşq edirik. Düşüncəm odu ki, birinci “Səbail”ə xeyrim dəysin. “Səbail”də yaxşı oynasam, yəqin milli komandaya da dəvət alacam. Millinin qapısı hər bir futbolçuya açıqdı.

 – Vüqar Nadirov “Səbail”də nə üçün qollarını sıralaya bilmir?

– Mövsümün əvvəlinə baxsaq görərik ki, mən qollarımın əksəriyyətini uzaq məsafələrdən vurmuşam. Bu isə hər saat olan iş deyil. Bu futboldu, hər epizodu qola çevirsək, marağı da qalmaz. Belə bir şey isə mümkün deyil. “Keşlə” ilə oyundan sonra evə getdim, “Mançester Yunayted”in oyununa baxdım, gördüm ki, hücumçu təkbətək mübarizədə topu qapıçının üstünə vurdu. Əgər dünyanın ən güclü çempionatında belə hal baş verirsə, bizdə də normaldı. Özüm ümumiyyətlə, qol vurmayanda əsəbləşirəm, meydandan qolsuz çıxmaq istəmirəm.

Hidayət QURBANOV


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43