Kateqoriyasız

“Vurduğum qolu şəhidlərə və əsgərlərə həsr edirəm” – Video

“Pandemiyadan sonra ilk qələbəmizi qazandıq. Bundan əvvəlki 3 matçda da yaxşı oynamışdıq. Sadəcə həmin görüşlərdə bəxtimiz gətirmirdi və fürsətlərdən istifadə edə bilmirdik”.

Bu fikirləri Gürcüstanın “Samtrediya” klubunun futbolçusu Nicat Qurbanov Premyer Liqanın XI turunda “Merani”ni 2:1 hesabı ilə məğlub etdikləri matç barədə danışarkən deyib.

54-cü dəqiqədə penaltidən fərqlənən və komandasının qələbə qoluna imza atan 28 yaşlı yarımmüdafiəçi qarşılaşmada əllərindən gələni etdiklərini bildirib.

Qurbanov vurduğu qolu əsgər salamı ilə qeyd etməsindən də danışıb: “Əsas qələbə qazanmaqdır və qol vurmaq ikinci plandadır. Fərqlənməyim mənə sevinc bəxş etdi. 3-4 gündür fikirləşirdim ki, qol vursam əsgər salamı ilə qeyd edəcəyəm. Azərbaycan – Ermənistan sərhədində baş verən hadisələrdən sonra bu qərara gəldim. Futbolçu öz dəstəyini necə göstərə bilər? Mənim də əlimdən bu gəldi. Bunun ölkəmizdə bu qədər danışılacağını gözləmirdim, mənim üçün də gözlənilməz oldu. Amma əsas məsələ niyyət idi və bunu edə bildim”.

Futbolçu vurduğu qolu şəhidlərə və bütün əsgərlərə həsr etdiyini deyib: “Onlarda azacıq da olsa, ruh yüksəkliyi yarada bildimsə, bu, mənim üçün sevinc və şərəfdir” (Report)


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43