09 Fevral 2023
Müsahibə Ölkə futbolu

Vüsal İsgəndərli: “Əgər bir problem varsa, çalışıb onu öz aramızda həll etməliyik”

“Sumqayıt”ın futbolçusu Vüsal İsgəndərli İdmanxeber.az saytına müsahibə verib.

-“Kəpəz”lə oyunda nəhayət ki, ilk qələbənizi qazandınız. Oyunu necə dəyərləndirirsən?

-Matça həftəboyu çox ciddi hazırlaşmışdıq. Görüşə də istəkli çıxdıq. Bu şəhər, klub sonuncu yerə layiq deyil. Bunun fərqindəyik. Şükür ki, “Kəpəz”lə oyunda ilk qələbəmizi qazandıq. Pis çıxış etmədik, qol epizodlarımız da var idi. 10 nəfər qaldıqdan sonra oyun daha çətinləşdi. Ancaq yenə də qalib gəlməyi bacardıq.

-Səncə, bu oyuna qədər qələbə üçün nə çatmırdı?

-Qalib gəlməli olduğumuz çox oyun vardı. Görünür, qismət “Kəpəz”lə görüşə imiş. Özümüzə inanırıq, bir sınaq idi. Bundan sonra daha fərqli olmalıdır. Qarşıdakı oyunlarda da bacardığımız qədər xallar almağa çalışacağıq. Çox yaxşı kollektivimiz var, çatışmayan nəticə idi. İlk qələbə bu qədər gec gəlməməli idi. Bunun üçün hər kəs əlindən gələni edirdi. Ümid edirəm ki, qələbələrimizin sayı artacaq. Bütün rəqiblərə hörmət edirik. Hazırda sonuncu yerdəyik, ona görə də hər oyuna xal qazanmaq üçün çıxmalıyıq. Bu görüşdə də həmçinin. Öz azarkeşlərimizin önündə yaxşı nəticə qazanmalıyıq.

-Yuxarı pillələrə oynamaq üçün yəqin ki, heyət çatışmamazlığı var. 

-Məşqçilər heyəti bu haqda daha dəqiq danışa bilər. Bizim işimiz futbol oynamaqdır. Kimin gedib-gələcəyinə onlar qərar veririlər. Yəqin ki, bu barədə rəhbərliklə məşqçilər heyəti məsləhətləşib qərar verəcəklər.

-Bu yaxınlarda klubda maliyyə problemi olması ilə bağlı iddialar var idi. Hətta oyunçuların maaşlarını ala bilməməsi də yazılırdı…

-Klubda heç bir maliyyə probemi yoxdur. Hamı pulunu alır. Bu cür problem olsa belə, klubdaxili məsələdir. “Sumqayıt” bizim ailəmiz kimidir. Əgər bir problem varsa, çalışıb onu öz aramızda həll etməliyik.

-Ötən dəfə saytımıza müsahibəndə yanvarda “Sumqayıt”dan ayrıla biləcəyini demişdin. Bu ehtimal davam edir?

-Təkliflər var. Sadəcə, indi elə bir vaxtdır ki, fikrimi hazırkı komandama vermişəm. Bütün məqsədimiz sonuncu sıradan qurtulmaqdır. Daha sonra məşqçilər heyəti ilə danışıb qərarımı verəcəm. Çünki bu komanda sonuncu yerdə olmamalıdır.

Həsən Quluzadə


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43