26 Dekabr 2024
Ölkə futbolu

Xaqani Məmmədov: “Con Toşak düz elədi”

“Məni nə Toşak, nə də başqa birisi meydandan qovmayıb”. Bu sözləri AFFA Hakimlər Komitəsinin sədri Xaqani Məmmədov deyib.

Naxçıvanda baş tutacaq Azərbaycan Superkuboku uğrunda matçda “Neftçi” ilə qarşılaşacaq “Xəzər Lənkəran”ın bugünkü məşqində diqqətçəkən bir olay baş verib. Belə ki, “ağ-yaşıllar” ikitərəfli oyun keçirdikləri vaxt qarşılaşmanın hakim-inspektoru olan Məmmədov meydançaya daxil olub. Bunu görən cənub klubunun baş məşqçisi Con Toşak Xaqani bəyin kənara çıxmasını istəyib.

Məsələyə aydınlıq gətirən Məmmədov burada şişirdiləsi bir şey olmadığını söyləyib: “Xəzər Lənkəran” meydanda isinmə hərəkətlərinə başlamışdı. Mən qazonun vəziyyəti ilə tanış olmaq üçün digər yarısına girdim. Bunu görən Toşak yaxınlaşaraq kənara çıxmağımı xahiş etdi. Buna haqqı çatır, düz elədi. Ola bilsin ki, heç məni tanımadı, elə bildi adi azarkeşəm. Məndə heç özümü təqdim etmədən sakitcə kənara çəkildim. Qovmaqla, xahiş etmək fərqli anlayışlardı. Həmin vaxt Naxçıvan Futbol Federasiyasının baş katibi Hafiz Əliyev də yanımda idi. O da sözümü təsdiqləyə bilər, Toşak məni qovmayıb. Sadəcə, bu cür xırda olayı şişirdirdilər. Toşak nəzakətlə xahiş etdi, vəssalam”.

Qeyd edək ki, “Xəzər Lənkəran” – “Neftçi” sabah saat 15:00-da başlayacaq.
apasport.az


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43