06 Dekabr 2024
Ölkə futbolu

“Xəzər Lənkəran” azarkeşləri yenə öndədi

Premyer Liqanın I dövrəsinin oyunlarını 81 min 850 tamaşaçı izləyib.

Ötən 9 turun 45 oyununda orta tamaşaçı sayı 1819-a bərabər olub. Bunun yarıdan çoxu ev oyunlarında ən çox tamaşaçı toplayan 2 klubun hesabındadı. “Xəzər Lənkəran” ən yaxın izləyicisi “Sumqayıt”ı da tamaşaçı sayında 2 dəfədən çox qabaqlayaraq neçə illərdir lideri olduğu göstəricidə yenə öndədi. 2-ci olan “gənclik şəhəri” təmsilçisi də öz növbəsində 3-cü yerdən 2 dəfədən çox üstünlük əldə edib. Bu mövqedə isə “Neftçi” qərarlaşıb. Ən az tamaşaçı toplayan isə “İnter”di. Onlar “Rəvan”dan az geri qalır. Çempionatın 3 ən az tamaşaçı toplayan oyunu autsayderlərin səfər matçları olub. Qəbələdə keçirilən “Simurq” – “Sumqayıt” və “Simurq” – “Rəvan” oyunlarının hərəsində 150, AZAL – “Sumqayıt” matçında isə 200 tamaşaçı qeydə alınıb. I dövrənin ən çox tamaşaçı toplayan 4 oyununun hamısı isə Lənkəranda baş tutub. “Xəzər Lənkəran”ın “Neftçi” ilə oyununu 10000, “Bakı” ilə qarşılaşmasını 7100, “Simurq”la görüşünü 7000, “İnter”lə matçını isə 6500 izləyici seyr edib. 9 tur üzrə tamaşaçı sayına gəlincə isə 4-cü tur rekordla əlamətdar olub – 13 min 450. Ümumilikdə 9 turun 5-də 10 min tamaşaçı səddi keçilib. Mövsümün antirekordu isə 7-ci tura təsadüf edib – 5 min 400. Premyer Liqanın 10 komandası 9 turda 10 stadionda oyunlarını keçirib. “Bakcell arena”da daha çox – 8 matç baş tutub. Qəbələ şəhər stadionunda isə 7 görüş təşkil olunub. Ən çox tamaşaçı gələn arena isə Lənkəran şəhər stadionudu. Bu göstəricidə 2-ci Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionudur. Müqayisə üçün ötən mövsümün ilk dövrəsində və yekununda olan tamaşaçı sayını xatırladaq. Nəticəsi ləğv olunan matç nəzərə alınmamaqla ötən çempionatın 191 qarşılaşmasını 328 min 937 tamaşaçı izləmişdi. Orta məhsuldarlığın 1722-yə bərabər olduğunu nəzərə alsaq, cari mövsüm irəliləyişin olduğu diqqət çəkir.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43