23 Dekabr 2024
Ölkə futbolu

“Xəzər Lənkəran” azarkeşlərinin MÜRACİƏTİ

25-avqust 2013 tarixində Azərbaycanın futbol  üzrə çempionatının 4-cü turunda, Lənkəran şəhər stadionunda Bakının “Neftçi” və Lənkəranın “Xəzər Lənkəran” futbol klubları arasında  oyun keçirildi. Oyun bitdikdən sonra hər iki klubun azarkeşləri arasında əvvəlcə qarşılıqlı təhqirlərlə başlayan xoşagəlməz hadisələr sonradan daha da böyüyərək qarşıdurmaya çevrildi. Bu zaman stadionda təhlükəsizliyi qorumaqla məşğul olan polis əməkdaşları “Neftçi” azarkeşlərinin mühafizəsini təşkil  edib ardıyca da “Xəzər Lənkəran” azarkeşlərini stadiondan çıxarmağa başladı. Eyni vaxtda daxili qoşunların əsgərləri də polis əməkdaşlarının yardımına gəldi. Stadiondan çölə çıxan müəyyən qrup azarkeşlərlə bir müddət davam edən qarşıdurma asayiş keşikçilərinin bacarıqlı səyləri nəticəsində sakitləşdirildi. Bu zaman hər iki tərəfdən yüngül xəsarət alanlar oldusa bir neçə azarkeş də həbs edildi. Bundan sonra kütləvi informasiya vasitələri hadisələri şişirdib qarşıdurmaların həcmini böyüdərək yalançı məlumatlar yaymağa başladı. “Xəzər Lənkəran” azarkeşlərinin daxili qoşunların əsgərləri ilə dalaşması və bu zaman əsgərlərin yaralanması kimi dezinformasiya xarakterli xəbərlər yayıldı. Halbuki zərərçəkən əsgərlər bir başa azarkeşlərin onlarla dalaşmasından yaralanmamışdılar. Bu kökündən yanlış məlumat idi. Heç bir “Xəzər Lənkəran” azarkeşi Azərbaycan əsgərinə əl qaldırmaz. Bir də ki, azarkeşlər hansısa hərbi hissəyə hücum etməmişdilər ki, əsgərlərlə üz-üzə gəlsinlər və ya dalaşsınlar. Azarkeşin yeri stadiondursa onlar da elə öz yerlərində idilər. 2004-cü ildə yenidənqurmadan sonra istifadəyə verilən bu stadionda indiyə qədər heç vaxt azarkeşlərimiz polis əməkdaşları ilə qarşıdurmlara getməmişlər. “Xəzər Lənkəran” azarkeşləri daim asayiş keşikçilərinin qanuni tələblərinə əməl etmiş və hər hansı insidentin yaranmasına yol verməmişlər. Eyni zamanda qeyd etmək lazımdır ki, bu illər ərzində Lənkəran polisi də həmişə stadionun təhlükəsizliyini yüksək səviyyədə təmin edə bilmişdir. Sual oluna bilər ki, bəs əsgərlərin stadionda nə işi var  idi və nəyə görə təhlükəsizliyin təminatında stadionun mühafizə xidməti polisə yardım etmirdi? Axı illərin  təcrübəsindən səmərəli yararlanmaq olardı. Bəli, dünya prkatikasında oyun zamanı stadionlarda təhlükəsizliyi polislə yanaşı stadionların mühafizə xidməti  təmin edir. Amma ölkəmizin futbolunda mühafizə xidməti əməkdaşlarının  oyun zamanı stadionda olmasına Peşəkar Futbol Liqası bu ildən qadağan qoyub. Bəs buna səbəb nədir?

Səbəb odur ki,  may ayının 28-də Bakı şəhərində yerləşən T.Bəhramov adına Respublika stadionunda keçirilən Azərbaycan kubokunun final matçında “Neftçi” klubunun mühafizə xidmətinin üzvləri,mühafizə xidmətinin rəhbəri  Güloğlan Cabbarovla birgə “Xəzər Lənkəran” klubunun futbolçularını vəhşicəsinə döymüşdülər. Buna görə də Peşəkar Futbol Liqası stadionlarda klubların mühafizə xidməti əməkdaşlarının olmasına qadağan tətbiq etmişdir. Qeyd edək ki, mayın 28-dəki hadisəni 20.000-azarkeş həmin günü stadionun tribunlarından və milyonlarla insan isə televiziya ekranlarından canlı izləmişdi. VİDEOFAKT

Həmin hadisə ilə bağlı Bakı şəhər prokurorluğu və Bakı şəhər baş polis idarəsi tərəfindən cinayət işi açılsa da təəssüflə qeyd edilməlidir ki, bu günə qədər günahkarlar cəzalandırılmamışdır. Avqustun 25-də Lənkəran stadionunda baş verən hadisələrin kökü də məhz may ayının 28-dəki vəhşiliyin iştirakçılarının cəzasız qalmasında idi. Bu səbəbi təkcə biz deyil, ölkənin hər yerində, müxtəli şəhər və rayonlarında ağsaqqallar, təcrübəli futbol mütəxəssiləri də dilə gətirirlər. VİDEOFAKT

Bəli “Xəzər Lənkəran” azarkeşlərinin müəyyən hissəsinin emosiyaya qapanaraq avqustun 25-də qarşıdrumalarda iştirak etməsinin səbəbi həmin 28-may, Respublika günü “Neftçi” klubunun rəsmiləri və mühafizəçiləri tərəfindən “Xəzər Lənkəran”ın 17-yaşlı gənc futbolçusu Kamran Abdullazadənin qanına qətan edilməsi,”Neftçi”nin futbolçuları tərəfindən “Xəzər Lənkəran”ın bir neçə futbolçusunun döyülməsi və həmin vəhşilikləri törədənlərin bu günə qədər cəzasız qalması oldu.  Qeyd edək ki, 17-yaşlı fənc futbolçu Kamran Abdullazadə bir neçə aydan sonra əyninə əsgər paltarı geyəcək. Hazırda Azərbaycanın U 19 milli komandasının üzvü olan Kamran Abdullazadə ölkə xaricində keçirilən yarışlarda Azərbaycanımızı üzərində üçrəngli bayrağımız həkk olunmuş futbolçu formasında təmsil edir. Ölkənin milli komandasının üzvü olan, Azərbaycanı təmsil edən, dövlət bayrağını sinəsində gəzdirən Abdullazadəni döymək bir əsgəri döymək deyildimi? Amma təəssüf ki, ona əl qaldıranlar cəzasızlıq üzündən heç nə olmayıbmış kimi sərbəst gəzirlər. Bütün bu biabırçı cəzasızlıq üzündən avqustun 25-də Lənkəranda keçirilən oyundan sonra yerli azarkeşlərin bir qismi tərəfindən xoşagəlməz hadisələr baş vermişdir. Əlbəttə biz bu hadisələri pisləyirik və düşünürük ki, qarşıdrumalarda iştirak edən azarkeşlər yanlış addım atmışlar. Belə ki, onlar asayiş keşikçilərini qanuni tələblərinə  dərhal əməl edib stadionu tərk etməli və tez bir zamanda da arenadan uzaqlaşmalıydılar. Eyni zamanda onu da xatırlatmaq istəyirik ki, avqustun 25-də Lənkəran stadionunda oyunu 10.000-azarkeş izləmişdisə qarşıdrumalarda yalnız 300-500-arası əsasən yeniyetmələrdən ibarət müəyyən qrup azarkeşlər iştirak etmişdilər. RƏSMİ PROTOKOLDAN ÇIXARIŞ: – “25 avqust 2013. Saat 20:00. Lənkəran şəhər mərkəzi stadionu. 10 000 tamaşaçı” (RƏSMİ PROTOKOLU İZLƏ) Bu isə onu göstərir ki, azarkeşlərimizin 90%-dən çoxu kənarda qalmış və nə əsgərə nə də polisə qarşı müqavimət göstərməmişlər. “Xəzər Lənkəran” azarkeşləri Azərbaycan dövlətçiliyini daim müqəddəs hesab etmiş və qanunlara sözsüz icra olunmanı öz futbol azarkeşliyi fəaliyyətində əsas xətt kimi götürmüşdür. Ümumiyyətlə azarkeşlərimiz ölkə futboluna marağın artırılmasında müstəsna xidmətlərə malikdirlər. Belə ki, bütün Azərbaycanda yalnız “Xəzər Lənkəran” azarkeşləri pulla bilet alıb stadiona gedirlər. Ölkədə fəaliyyət göstərən bütün digər futbol klublarının oyunlarına giriş pulsuz olduğu halda bizim azarkeşlərimiz öz hesablarına ölkə futbolunun inkişafına maddi köməklərini bu formada edirlər. “Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin imzaladığı “Azərbaycan Respublikasında 2005-2015-ci illərdə futbolun inkişafına dair Dövlət Proqramı”nın müddəlarına uyğun fəaliyyətini quran   “Xəzər Lənkəran” azarkeşlərinin  futbolun inkişafına töhfə verməkdə alternativi yoxdur.  Məhz “Xəzər Lənkəran” azarkeşləri Azərbaycan futbolunda ilk dəfə komandanın doğma stadionunda keçirdiyi oyunların start fiti səslənməmiş dövlət himnini oxuyurdular ki, yalnız bu hal dəfələrlə təkrarlanandan sonra AFFA  məcburiyyət qarşısında qalıb bu barədə rəsmi qərar çıxarmışdı. Məhz “Xəzər Lənkəran” azarkeşləri öz hesablarına yüzlərlə-minlərlə Azərbaycan bayrağını hazırlayaraq eləcə də dövlət himinin mətni yazılmış vərəqələri komandanın ev oyunlarında stadionda əsasən yenieymtə azarkeşlər arasında paylayır və yetişməkdə olan nəslin futbola sevgisinin vətənpərvərlik hissləri  üzərində qurulmasına xidmət edirdilər. Halbuki ölkənin ən köklü klubu olan “Neftçi”nin fan klubları həmişə klub rəhbərliyindən maliyyələşib, yalnız rəhbərliyin tapşırıqlarını yerinə yetirirdilər. Azərbaycan futboluna son 10-ildə maraq və gözəlliyi “Xəzər Lənkəran” klubu öz yaranması ilə gətirmişdisə, bu 10-il ərzində ölkənin fanat hərəkatının danılmaz lideri “Xəzər Lənkəran” azarkeşləri olmuşlar.

“Xəzər Lənkəran” azarkeşlərindən dövlətçiliyə xələl gətirə biləcək əməlləri gözləmək tamamilə yersizdir. Biz azarkeşlərin bir devizi var: “ÖNCƏ VƏTƏNİ SONRA SƏNİ SEVDİK, XƏZƏR LƏNKƏRAN”. Ölkənin bütün digər klublarının fan klubları və azarkeşləri vətənpərvərliyi bizlərdən öyənirlər.

Avqustun 25-də baş verən hadisələr sadəcə mayın 28-dəki biabırçı hadisələrin günahkarlarının cəzasızlığına dözə bilməyən az sayda azarkeşin nəzarətdən çıxan etirazı idi. Həmin hadisəni bir daha pisləyir və belə halların gələcəkdə baş verməməsini arzulayırıq. Bununla belə 28-maydakı hadisələrin günahkarlarının cəzasız qaldığı bir vaxtda, 25-avqustdakı hadisələrdə iştirak edən sadə futbol azarkeşlərinin həbs olunmasında da bir ədalət tapa bilmirik. Çünki, burada səbəb və nəticə anlayışı öz statusunu itirmiş olur. “Neftçi” rəsmisi və mühafizəçiləri dövlət bayramı olan Respublika günündə Azərbaycanın milli komandasının üzvünü vəhşicəsinə döyürlərsə, “Neftçi”nin operatoru qoşa təpiklə 17-yaşlı gəncin başına zərbə vuraraq ağır bədən xəsarəti yetirirsə və sonra bunların heç biri də cəzalanmırsa “hanı bəs ədalət”- deyə soruşmaq da biz azarkeşlərin haqqı deyilmi? Üstəlik qeyd etmək lazımdır ki,azarkeşlərin həbsi məsələnin həlli demək deyil. Çünki bu hal o biri azarkeşlərdə də narazılıq yarada bilər. Gələcəkdə də qarşıdrumaların baş verməməsi üçün indidən hadisələrin “Neftçi” klubunun cəzasızlıq ucbatından apardığı özbaşına siyasətinə gedib çıxan təməli xüsusi diqqətlə araşdırlmalı və ədalətli qərarlar verilməlidir.

Digər məsələni də diqqətə çatdırmaq istəyirik. Məsələ burasındadır ki, “Neftçi” klubunun həm klub rəhbərliyi səviyyəsində, həm komanda səviyyəsində və həm də fanatları səviyyəsində bütün klublarla problemləri vardır.

“Neftçi”ni Qəbələ şəhərində oyunu  kütləvi qarşıdurmalarla bitir. VİDEOFAKT

“Neftçi” meydanda gücü çatmadığı klubları bilərəkdən uduzmağa məcbur edir. İlk hissədən sonra 2:0-hesabı ilə üstün olan komanda bilərəkdən ikinci hissədə qapısından 3-top buraxır. Hələ hesab 2:0-olarkən fasilədə yekun hesabın 2:3 olacağını qabaqcadan mətbuat yazmışdı. FAKT-XƏBƏR

“Neftçi”nin rəsmiləri hər il bir neçə futbolçunu döyürlər, amma həmişə də cəzasız qalırlar. VİDEOFAKT                          

“Neftçi”nin hətta aşağı yaş qruplarının yenieytmə futbolçuları da öz həmyaşıdları ilə əlbəyxa olurlar. Dəhşətli görüntülər. VİDEOFAKT

Bütün səviyyələrdə cəzasızlıq görən “Neftçi” klubu yalnız qalmaqallarla yadda qalır: VİDEOFAKT

“Neftçi” klubu avqustun 22-də bəyanat yaymaqla əslində 25-dəki hadisələrin bir başa təxribatçısı və bəlkə də təşkilatçısı olduğunu göstərmişdi: FAKT -XƏBƏR

Vəziyyəti düzgün qiymətləndirərək 12cioyuncu.info azarkeş saytı olaraq bütün azarkeşlərə müraciət edib təxribatlara getməməyə çağırmış və yalnız sivil yolla azarkeşliyi tövsiyə etmişdik. Məhz bu səbəbdən də stadionda toplanan 10.000-azarkeşin 90%-ni qarşıdrumalardan yayındıra bilmişdik. FAKT-XƏBƏR  

“Neftçi” klubunun Tovuzda “Turan”la, Qəbələdə yeli “Qəbələ” ilə, Zaqtalada “Simurq”la, paytaxtda “Bakı” klubu ilə və digər klublarla problemləri daim baş verirsə bu problemlərin kökü “Xəzər Lənkəran” azarkeşlərində ola bilməz. Əslində bütün problemlər elə “Neftçİ” klubunda və cəzasızlıq şəraiti yaradaraq bu klubu Azərabaycan futbolunda özbaşınalıq müəsisəni çevirənlərdədir.

Beləliklə bütün  “Xəzər Lənkəran” azarkeşləri adından, 28-may hadisələri ilə bağlı açılan cinayət işində kimsənin cəzalanmamsı faktını diqqətə alaraq avqustun 25-dəki hadisələrlə bağlı həbs edilən futbol azarkeşlərinin cinayət işinin ədalətlə, şəffaf şəkildə araşdırılmasını və mümkün qədər tez bir zamanda azarkeşlərin həbsdən azad edilməsini müvafiq orqanlardan xahiş edirik.

QEYD: Müraciət  “Xəzər Lənkəran”ın fəal azarkeşləri tərəfindən sayt idarəçilərinin iştirakı ilə hazırlanaraq 12cioyuncu.info azarkeş saytına təqdim olunmuşdur.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43